ABŞ-də "Halloween" bayramında uşaqlara narkotik maddəli konfetlər paylanılıb

ABŞ-nin San-Dieqo şəhərində "Halloween" bayramı zamanı 1-6 yaşlı təxminən 15 uşağa tərkibində psilosibin adlı hallüsinogen maddə olan çeynənilən konfetlər verilib.

"Report"un "Newsweek"ə istinadən xəbərinə görə, hadisə oktyabrın 31-də Ouşen-Biç rayonunda olub.

Polisin məlumatına görə, uşaqlar valideynləri ilə birlikdə qonşu evləri gəzərək şirniyyat toplayıblar. Evlərin birinin yaxınlığında onlar çeynənilən konfet paketləri aşkar ediblər, həmin paketlərin qablaşdırılması böyüklərdə şübhə yaradıb.

Valideynlər hüquq-mühafizə orqanlarına müraciət edərək yoxlanılması üçün paketlərdən birini onlara təhvil veriblər. Laboratoriya analizi bəzi göbələk növlərinin tərkibində olan hallüsinogen maddənin - psilosibinin mövcudluğunu təsdiqləyib.

Bununla belə, polis uşaqlardan hər hansı birinin bu konfetləri yeyib-yemədiyini hələ müəyyən etməyib.

İstintaq zamanı hüquq-mühafizəçilər yaxınlığında şirniyyatların tapıldığı evdə axtarış aparıblar. Orada analoji konfet qablaşdırmaları, bir kiloqramdan çox kannabis, 25 qramdan çox metamfetamin, narkotiklərin qablaşdırılması üçün materiallar, həmçinin odlu silah və döyüş sursatı tapılıb.

Qanunsuz olaraq silah saxlamaqda şübhəli bilinərək 80 və 45 yaşlarında iki kişi saxlanılıb. Tərkibində narkotik maddə olan konfetlərin yayılması ilə bağlı onlara hələlik ittiham irəli sürülməyib.

Baş vermiş hadisənin təfərrüatları araşdırılır.