Bakı, 6 noyabr, AZƏRTAC Uşaqların və gənclərin milli musiqi alətlərinə marağını artırmaq üçün məqsədyönlü və davamlı maarifləndirmə işi aparılmalıdır. İlk növbədə, uşaqları erkən yaşlardan milli musiqi ilə tanış etmək, məktəblərdə canlı ifalar, musiqi təqdimatları və maarifləndirici görüşlər təşkil etmək vacibdir. Bunu AZƏRTAC-a açıqlamasında Azərbaycan Milli Konservatoriyasının nəzdində Sumqayıt Musiqi Kollecinin müəllimi Mehman Nəcəfov deyib.O bildirib ki, milli musiqi alətlərinin təbliğində müasir vasitələrdən də istifadə olunmalıdır. “Milli musiqi alətlərini yalnız keçmişimizin bir hissəsi kimi təqdim etməməliyik. Balaban, kamança və digər alətlərimiz bu gün də yaşadılan, inkişaf etdirilən və gələcək nəsillərə ötürülən musiqi irsimizdir. Gənclər bu irslə yaxından tanış olduqca milli musiqiyə maraqları da artır”, – deyə M.Nəcəfov vurğulayıb.Balaban və kamançada ifa etməyi öyrənmək üçün musiqi duyumu və eşitmə qabiliyyətinin vacibliyindən danışan müəllim qeyd edib ki, ifaçı səslərin hündürlüyünü fərqləndirməyi, melodiyanı yadda saxlamağı, ritmi hiss etməyi və səslər arasındakı əlaqəni anlamağı bacarmalıdır. Balaban ifaçılığında nəfəsin düzgün bölüşdürülməsi və səsin keyfiyyətinin qorunması, kamançada isə simlər üzərində düzgün səs əldə edilməsi, intonasiyanın saxlanılması və yayın hərəkətinin idarə olunması xüsusi diqqət tələb edir.“İfaçılıq müəyyən istedad tələb edir, lakin davamlı əmək, səbir və düzgün tədris olmadan istedad da kifayət etmir. Müəllimin əsas vəzifəsi şagirdin mövcud bacarıqlarını qiymətləndirməklə yanaşı, onun inkişafına dəstək olmaqdır. Uşaqlarda musiqiyə marağı qorumaq və özlərinə inamı artırmaq da bu prosesin mühüm hissəsidir”, – deyə M.Nəcəfov əlavə edib.M.Nəcəfovun fikrincə, milli və xalq musiqisi konsertlərinə gənclərin marağını artırmaq üçün musiqimizi onlara daha yaxından tanıtmaq və dinləyici ilə ifa arasında əlaqə yaratmaq lazımdır. Bu iş yalnız konsert salonları ilə məhdudlaşmamalı, təhsil müəssisələrində, sosial şəbəkələrdə və müxtəlif mədəni layihələr çərçivəsində də davam etdirilməlidir. Müxbir – Günel Alıyeva Foto – Xanlar Əlizadə