Krakov şəhərinin mərkəzində atışma törədən şəxsin evində üç nəfərin meyiti aşkarlanıb.
Bu barədə "Polsat News" polisə istinadən məlumat yayıb.
Polşanın Baş naziri Donald Tusk daha əvvəl Krakovda hüquq-mühafizə orqanlarının nümayəndələri ilə keçirdiyi müşavirə zamanı meyitlərin aşkarlanması barədə məlumat verib.
"Çox şey bu faciənin davamının ola biləcəyinə işarə edir. İndi mənə məlumat verilib ki, ehtimal ki, hücum edənin evində ölənlər var. Bunu təsdiqləməliyik. Bu qənaət pilotsuz uçuş aparatından əldə edilən görüntü əsasında formalaşıb", – hökumət başçısı bildirib.
Meyitlərin aşkarlanması ilə bağlı təfərrüatlar və ölənlərin şəxsiyyəti hələlik açıqlanmayıb.
Xatırladaq ki, noyabrın 7-də, şənbə günü yerli vaxtla saat 15:00 radələrində (Bakı vaxtı ilə saat 18:00) Krakovun əsas bazar meydanında atışma baş verib. Polşa vətəndaşı avtomobildən yoldan keçənlərə atəş açıb. Polis şübhəlini saxlayıb, daha sonra o, xəstəxanaya yerləşdirilib.
Hadisə nəticəsində 6 nəfər ölüb, daha 15 nəfər yaralanıb. Yaralılardan 12-si ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.