Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurası baş katib postuna namizədlər üzrə yeni səsvermə keçirib.
Rebeka Qrinspan (Kosta Rika) 12, Rafael Mariano Qrossi (Argentina) 9, Karolin Rodriqes-Birkett (Qayana) 8, Lana Zəki Nusseybeh (Birləşmiş Ərəb Əmirlikləri) 7, Firudin Sinirlioğlu (Türkiyə) 3 ölkədən dəstək alıb.
Baş katib postuna Mariya Fernanda Espinosa Qarses, İvonn Baki (hər ikisi Ekvador), Olara Otunnu (Uqanda) da iddia edirlər.
193 ölkəni birləşdirən BMT-nin baş katibini Baş Məclis iki dəfədən çox olmamaqla 5 il müddətinə təyin edir. Təyinatda 15 ölkədən ibarət Təhlükəsizlik Şurasının tövsiyəsi əsas götürülür.
2016 və 2021-ci illərdə baş katib mandatı almış Antonio Quterreşin (Portuqaliya) səlahiyyət müddəti bitmək üzrədir. Yeni baş katib 2027-ci il yanvarın 1-dən fəaliyyətə başlamalıdır.
1945-ci ildə yaradılan BMT-nin əvvəlki baş katibləri bu şəxslərdir: Trüqve Li (Norveç), Daq Hammarşeld (İsveç), U Tan (Myanma), Kurt Valdhaym (Avstriya), Xavyer Peres de Kuelyar (Peru), Butros Butros-Qali (Misir), Kofi Annan (Qana), Pan Gi Mun (Cənubi Koreya).