“Turan Tovuz” “Qarabağ”a, “Neftçi” “Kəpəz”ə qarşı matçda çətinliklə üz-üzə

Sabah Misli premyer-liqasında 11-ci tura – “Zəfər turu”na start veriləcək. Bu çərçivədə keçiriləcək matçlarla 1-ci dövrə başa çatacaq və komandalar millilərin oyunları ilə bağlı fasiləyə yollanacaq.

Qarşıdan gələn turda cəzalı olduğuna görə komandasına yardım edə bilməyəcək futbolçuların adları bəlli olub. Bunlar “Neftçi”nin şərəfini qoruyan İqor Ribeyro və “Turan Tovuz”un formasını geyən Hayderson Urtadodu.

Ribeyro 9-cu turda “Turan Tovuz”la oyunda birbaşa qırmızı vərəqə görüb. O, bu üzdən 2 matç “dincələcək”. Urtado isə 10-cu turda “Sabah”a qarşı matçda sarı vərəqə limitini aşıb. Cümə günü bakılılar “Kəpəz”i qəbul edəcək, tovuzlular “Qarabağ”ın qonağı olacaq.

Qalan komandaların heyətində cəzalı oyunçu yoxdu.

Xatırladaq ki, tura noyabrın 8-də yekun vurulacaq.