Tbilisi, 6 noyabr, AZƏRTAC Azərbaycan xalqının şanlı qəhrəmanlıq salnaməsində müstəsna yer tutan 8 Noyabr – Zəfər Günü münasibətilə Dmanisi Tədris Mərkəzində “Zəfər səsləyir bizi” adlı təntənəli tədbir təşkil olunub.AZƏRTAC xəbər verir ki, yüksək vətənpərvərlik ruhunda keçirilən tədbirdə mərkəzin rəhbərliyi, müəllim kollektivi və şagirdlər iştirak ediblər.Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib. Ölkəmizin ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.Mərkəzin rəhbəri Kamran Xıdırov çıxış edərək 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsinin tarixi və siyasi əhəmiyyətindən bəhs edib. O, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun döyüş meydanında nümayiş etdirdiyi misilsiz qəhrəmanlıq, şücaət və yüksək döyüş hazırlığından danışıb. Qeyd olunub ki, noyabrın 8-də Qarabağın tacı Şuşa şəhərinin işğaldan azad edilməsi ilə şanlı Qələbəmiz öz zirvəsinə ucalıb.Tədbirdə çıxış edən digər qonaqlar və müəllimlər də 8 Noyabr – Zəfər Gününün Azərbaycan dövlətçilik tarixindəki müstəsna əhəmiyyətini vurğulayıblar. Bildirilib ki, 44 günlük Vətən müharibəsində qazanılan Zəfər yalnız torpaqlarımızın azad olunması ilə deyil, həm də gələcək nəsillər üçün sarsılmaz vətənpərvərlik, milli birlik və misilsiz qəhrəmanlıq nümunəsi ilə tarixə düşüb.Sonda şagirdlər Vətənə, torpağa və Zəfərə həsr olunmuş şeirlər söyləyib, bədii kompozisiyalar təqdim ediblər. Xətayi Əzizov AZƏRTAC-ın xüsusi müxbiri Tbilisi