Azərbaycanda 2026-cı ilin yanvar–oktyabr aylarında dövlət büdcəsinə vergi daxilolmaları ötən ilin eyni dövrü ilə müqayisədə 11,7% və ya 1 milyard 686,8 milyon manat artaraq 16 milyard 65,2 milyon manata çatıb. Bu, hökumətin ilin ilk 10 ayı üçün müəyyən etdiyi proqnozdan 1 milyard 274,2 milyon manat çoxdur.
Dövlət Vergi Xidmətinin məlumatlarına əsasən, ötən ilin eyni dövründə vergi daxilolmaları 14 milyard 378,4 milyon manat təşkil etmişdi.
Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları isə illik müqayisədə 13,1% və ya 1 milyard 364,6 milyon manat artaraq 11 milyard 776,4 milyon manata yüksəlib. Bu sektorda proqnoz 297,4 milyon manat üstələnib.
Beləliklə, 2026-cı ilin ilk 10 ayında toplanan vergilərin 73,3%-i qeyri-neft-qaz sektorunun payına düşüb. Neft-qaz sektorundan vergi daxilolmaları isə 4 milyard 288,8 milyon manat təşkil edib. Bu, illik müqayisədə 322,2 milyon manat və ya 8,1% artım deməkdir.
2026-cı il üçün təsdiqlənmiş dövlət büdcəsinə əsasən, Dövlət Vergi Xidmətinin xətti ilə illik daxilolma proqnozu 16 milyard 910 milyon manatdır. Artıq oktyabrın sonuna bu məbləğin 95%-i toplanıb. İllik hədəfə çatmaq üçün noyabr–dekabr aylarında daha 844,8 milyon manat vergi daxil olması kifayətdir.
Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 5 milyard 672,8 milyon manat təşkil edib. Bu, 10 aylıq proqnozdan 297,1 milyon manat çoxdur. İşsizlikdən sığorta haqları üzrə 201,5 milyon manata yaxın, icbari tibbi sığorta haqları üzrə isə 849,3 milyon manatdan çox vəsait toplanıb.
2027-ci ildə vergi daxilolmaları daha da artırılacaq. Hökumətin Milli Məclisə təqdim etdiyi büdcə layihəsinə əsasən, Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmaların 18 milyard 430 milyon manata çatacağı proqnozlaşdırılır. Bu, 2026-cı ilin təsdiq edilmiş göstəricisindən 1 milyard 520 milyon manat və ya 9% çoxdur.
2027-ci ilin büdcə layihəsində dövlət büdcəsinin ümumi gəlirləri 39 milyard 254 milyon manat, xərcləri isə 42 milyard 400 milyon manat nəzərdə tutulur. Müqayisə üçün, 2026-cı ilin təsdiqlənmiş büdcəsində gəlirlər 38 milyard 609 milyon manat, xərclər isə 41 milyard 703,6 milyon manatdır. Beləliklə, gələn il büdcə gəlirlərinin 1,7% artması gözlənilir.
2025-ci ilin eyni dövrü ilə müqayisədə sosial sığorta haqları üzrə daxilolmalar da 438,6 milyon manat və ya 8,4% artıb. İşsizlikdən sığorta daxilolmalarında təxminən 8,6% artım qeydə alınıb. İcbari tibbi sığorta haqları üzrə daxilolmalar isə əksinə, təxminən 7,3% azalıb. Ötən ilin ilk 10 ayında bu mənbədən 916,2 milyon manatdan çox vəsait toplanmışdı.