Azərbaycanda ilk dəniz milli parkı yaradılacaq

Azərbaycanda ilk dəniz milli parkının yaradılması istiqamətində işlərə başlanılıb, xəritələşmə işləri artıq yekunlaşıb.

Trend-ə istinadən, bu fikirləri cümə axşamı Bakıda keçirilən Birinci Azərbaycan Regional Akvakultura Forumunun "Xəzərdən təsərrüfata: Balıq ehtiyatlarının qorunmasında akvakulturanın rolu" adlı panelində Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Rəşad Allahverdiyev deyib.

O bildirib ki, bu istiqamətdə Abşeron Milli Parkına dəniz akvatoriyasının daxil edilməsi nəzərdə tutulur.

"Ölkənin ən kiçik milli parkı Bakı şəhərinə yaxın yerləşən, 700 hektar ərazini əhatə edən Abşeron Milli Parkıdır. Artıq ölkədə ilk dəniz milli parkının yaradılması ilə bağlı işlərə başlamışıq. Xəritələşmə işlərini yekunlaşdırmışıq. Dəniz akvatoriyası da milli parka daxil olacaq", - deyə R.Allahverdiyev qeyd edib.

Onun sözlərinə görə, həmin akvatoriyada mühafizənin təmin olunması üçün reydlərin keçirilməsi və qanunsuz balıq ovunun qarşısının alınması istiqamətində tədbirlər görüləcək.

Xidmət rəisinin müavini bildirib ki, fəaliyyətin əsas istiqamətlərindən biri xüsusi mühafizə olunan təbiət ərazilərinin genişləndirilməsi və ekosistemlərin təbii vəziyyətdə qorunmasıdır. O, Ağgöl Milli Parkında su ekosisteminin və balıq ehtiyatlarının təbii şəraitdə mühafizə olunduğunu vurğulayıb.

R.Allahverdiyev əlavə edib ki, balıqların kürüləmə dövründə və digər həssas vaxtlarda mühafizə tədbirləri gücləndirilir.

"Ərazilərdə mühafizə ilboyu həyata keçirilir. Kürüləmə dövründə və digər həssas vaxtlarda isə növbəli sistemlə sutkalıq iş rejiminə keçirik ki, qanun pozuntularının qarşısı alınsın", - deyə o bildirib.

Rəşad Allahverdiyev bildirib ki, Azərbaycanın Qırmızı Kitabının 2013-cü il nəşrinə 9 balıq növü daxil edildiyi halda, 2023-cü il nəşrində bu rəqəm 11-ə çatıb.

O qeyd edib ki, ölkədə mövcud olan 104 balıq növündən 11-i Qırmızı Kitaba daxil edilib. Bu baxımdan xüsusi mühafizə olunan təbiət əraziləri balıq növlərinin və onların təbii yaşayış mühitinin qorunmasında mühüm rol oynayır.

R.Allahverdiyevin sözlərinə görə, qorunan ərazilərdəki bataqlıq, meşə və dağ ekosistemləri akvakultura üçün vacib ekosistem xidmətləri göstərir. Bataqlıqlar suyun təmizlənməsində təbii filtr rolunu oynayır, meşə və dağ ekosistemləri də suyun filtrasiyasına töhfə verir.

O qeyd edib ki, Qarabağ Milli Parkında bölgənin şirin su ehtiyatlarının mühafizəsi də təmin olunacaq. Gələcəkdə milli parkın hüdudlarından kənarda yaradılacaq akvakultura təsərrüfatları üçün həmin su ehtiyatlarından istifadə imkanları yarana bilər.

Xidmət rəisinin müavini Xəzər sahilində yerləşən Samur-Yalama, Abşeron və Qızılağac milli parklarının da balıq populyasiyalarının qorunmasında əhəmiyyətini vurğulayıb.

R.Allahverdiyev bildirib ki, akvakulturanın inkişafı təbii balıq ehtiyatlarına ov təzyiqinin azalmasına kömək edə bilər.

"Akvakulturada yetişdirilən balıqların həcmi və bazara çıxarılan məhsul nə qədər çox olsa, təbii ərazilərdəki balıq ehtiyatlarına təzyiq də bir o qədər azalar. Bu baxımdan ekoloji mühafizə sahəsi də akvakulturanın inkişafında maraqlıdır", - deyə o qeyd edib.

Rəis müavini əlavə edib ki, təbii ehtiyatların qorunması ilə yanaşı, sahənin iqtisadi alətlər vasitəsilə inkişaf etdirilməsi də mühüm əhəmiyyət daşıyır.