“ASAN xidmət” və BMT Bakıda dövlət idarəçiliyinin gələcəyini müzakirə edir

Bakıda “ASAN xidmət”in və Birləşmiş Millətlər Təşkilatının birgə təşkilatçılığı ilə keçirilən “BMT İdarəetmə İnnovasiyaları Sammiti: Gələcəyə Hazır Təsisatların İnkişafı”adlı beynəlxalq sammit davam edir.

Sammitin birinci günündə əsas diqqət sürətli texnoloji, sosial və ekoloji dəyişikliklər fonunda idarəetmənin gələcəyinin formalaşdırılmasına, dövlət institutlarının transformasiyasına, innovativ yanaşmaların və süni intellektin dövlət idarəçiliyində tətbiqinə yönəlib. Müzakirələrdə transformativ liderlik, dövlət xidmətlərinin təkmilləşdirilməsi, beynəlxalq əməkdaşlıq və uğurlu təcrübələrin mübadiləsi vasitəsilə dayanıqlı inkişafın təşviqi məsələləri əhatə olunur.

“Dayanıqlı inkişaf naminə gələcəyə hazır dövlət institutlarının formalaşdırılması üzrə əsas yanaşmalar” adlı birinci sessiyada dəyişən dünyada çevik, qabaqlayıcı və yeni çağırışlara operativ cavab verən dövlət institutlarının formalaşdırılması müzakirə olunub. Süni intellekt, iqlim dəyişikliyi, demoqrafik dəyişikliklər və cəmiyyətdə baş verən sürətli transformasiyalar fonunda idarəetmənin təkmilləşdirilməsi, innovasiyaların tətbiqi və dayanıqlı inkişafın təmin olunması istiqamətində əsas yanaşmalar və təcrübələr diqqətə çatdırılıb.

Sessiyada BMT-nin Baş katibinin müavini, Qərbi Asiya üzrə İqtisadi və Sosial Komissiyanın (ESCWA) icraçı katibi Raniya Əl-Məşat, Pakistanın informasiya texnologiyaları və telekommunikasiya üzrə federal naziri Şaza Fatimə Xavaca,BMT-nin İqtisadi və Sosial Məsələlər üzrə Departamentinin bölmə rəhbəri Adriana Alberti, BMT-nin Dövlət İdarəçiliyi üzrə Ekspertlər Komitəsinin (CEPA) sədri Rolf Alter çıxış ediblər.

Çıxışlarda dövlət institutlarının gələcəyə uyğun transformasiyası, dayanıqlı inkişafın təmin olunması və müasir çağırışlara çevik cavab verən idarəetmə sistemlərinin formalaşdırılması məsələləri vurğulanıb. O cümlədən strateji planlaşdırma, institusional potensialın gücləndirilməsi, innovasiya və süni intellektin dövlət xidmətlərində tətbiqi, eləcə də bu texnologiyalardan məsuliyyətli istifadə imkanlarına diqqət yetirilib. Bu çərçivədə dövlət xidmətlərinin daha səmərəli, əlçatan və vətəndaşyönümlü təşkili, ictimai etimadın artırılması və inklüzivliyin təmin edilməsi yolları nəzərdən keçirilib.

Çıxışların ardından xatirə şəkli çəkdirilib.

İnteraktiv sorğu vasitəsilə iştirakçılar sammitin müəyyən etdiyi səkkiz idarəetmə çağırışından ən aktual olanlarını seçərəkonların həlli qarşısındakı əsas maneələri müəyyənləşdiriblər. Sorğunun nəticələri dövlət xidmətləri sahəsində ortaq prioritetlərin müəyyənləşdirilməsinə, sonrakı müzakirələrin istiqamətləndirilməsinə və idarəetmə innovasiyaları üzrə praktiki, birgə həllərin hazırlanmasına töhfə verəcək.