“Bu səfər Azərbaycan-Türkiyə qardaşlığının anti-türk qüvvələrə mesajı olacaq”

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 8 noyabr Zəfər Günü münasibətilə Azərbaycanda keçiriləcək tədbirlərə qatılacağının elan edilməsi bütün Azərbaycan xalqında xoş təəssüratlar yaratdı”.

Bunu açıqlamasında ƏHD Partiyasının ictimai-siyasi əlaqələr üzrə katibi, politoloq Azər Qasımov bildirib. Ekspert qeyd edib ki, bu səfər iki dövlət arasındakı əlaqələrin inkişafına töhfə verəcək:

“Son günlər iki ölkə arasında yaranmış gərginlik fonunda bu səfərin baş tutacağı Azərbaycan və Türkiyə iki dövlət arasındakı tarixi dostluq və qardaşlıq əlaqələrinin ruhuna uyğun olan ən önəmli hadisə olacaq. İki qardaş xalqın birliyindən narahatçılıq keçirən qüvvələrə də layiqli mesaj olacaq.

Azərbaycan və Türkiyə bir-birinə ayrılmaz tellərlə bağlıdır. Hansısa narazılıqlar varsa, bu, danışılaraq həll olunacaq. Qardaşlığımıza kölgə salmağa çalışan qüvvələr isə yenə də məğlub olacaq.

Müasir dünyanın gərgin və həlledici məqamında Azərbaycan və Türkiyənin bir-birindən uzaqlaşması hər iki ölkənin ziyanına olardı, hansı ki, bunun olacağına özünü türk hesab edən kimsə inanmırdı. Yaranmış narazılıq əslində iki ölkə arasında olan qaranlıq məsələlərə işıq saldı. Kimin kim olduğunu üzə çıxardı. Bundan sonra Azərbaycan və Türkiyənin əlaqələri yeni mərhələyə qədəm qoyacaq. Əlaqələr iki dövlət prinsipini daha da möhkəmləndirəcək.

Hesab edirəm ki, Türkiyə Prezidenti R.T.Ərdoğan da Bakıda verəcəyi mesajlarda iki qardaş dövlətin yaradıcıları olan Atatürk və Heydər Əliyev ideyalarının ruhuna sadiqliyi vurğulayacaq, layiqlik və dövlətçilik prinsiplərinin hər iki dövlətin gələcək prioritetləri olduğunu bir daha təsdiqlənəcək”.