Bakıda dövlət institutlarının müasirləşdirilməsi müzakirə olunub (FOTO)

“BMT (Birləşmiş Millətlər Təşkilatı) İdarəetmə İnnovasiyaları Sammiti: Gələcəyə Hazır Təsisatların İnkişafı” (UN Governance Innovation Summit: Advancing Future-Ready Institutions) adlı beynəlxalq sammit çərçivəsində “İdarəetmənin gələcəyi: baxış, missiya və transformasiya” mövzusunda panel sessiyası keçirilib.

Trend-in tədbirdəki müxbiri xəbər verir ki, Türkiyəni, Macarıstanı, Şri-Lankanı, Qvineyanı, Seneqalı, Nyu-York Dövlət Universitetini təmsil edən nümayəndələrin iştirakı ilə dövlət idarəçiliyinin gələcəyi, 2040-cı ilədək dövlət institutlarının inkişaf perspektivləri və idarəetmə sistemlərinin transformasiyası müzakirə olunub.

Müzakirələrdə dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün dövlət idarəçiliyinin təkmilləşdirilməsi, texnoloji tərəqqi, sosial dəyişikliklər və qlobal qeyri-müəyyənlik şəraitində yaranan əsas çağırışlar diqqət mərkəzində olub.

Eyni zamanda, dövlət institutlarının müasirləşdirilməsi, dövlət qulluğunda islahatların aparılması və sürətlə dəyişən dünyada daha çevik, səmərəli və vətəndaşyönümlü idarəetmə sistemlərinin formalaşdırılması yolları nəzərdən keçirilib.

Qeyd edək ki, Bakıda “BMT (Birləşmiş Millətlər Təşkilatı) İdarəetmə İnnovasiyaları Sammiti: Gələcəyə Hazır Təsisatların İnkişafı” (UN Governance Innovation Summit: Advancing Future-Ready Institutions) adlı beynəlxalq sammit keçirilir.

2024-cü ilin noyabr ayında Azərbaycan Respublikası Hökuməti ilə (BMT) arasında imzalanmış Töhfə Sazişi çərçivəsində reallaşan sammit Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və BMT-nin İqtisadi və Sosial Məsələlər üzrə Departamentinin birgə təşkilatçılığı ilə baş tutur. Sammitdə BMT-ə üzv ölkələrin nazirləri və yüksək səviyyəli rəsmiləri, beynəlxalq və regional təşkilatların rəhbər vəzifəli şəxsləri, inkişaf tərəfdaşları, eləcə də özəl sektorun və akademik dairələrin təmsilçiləri olmaqla 200-ə yaxın qonaq iştirak edir.