Azərbaycanda pensiya sisteminə əlçatanlığı artırmaq məqsədilə sığorta stajlarının amnistiyası mexanizmi tətbiq olunur. Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev 2027-ci ilin büdcə müzakirələri zamanı bildirib.
Onun sözlərinə görə bu il pensiya kapitalında ən azı 1 manat vəsaiti olan şəxslərə 24 il sığorta stajı, gələn il isə iki il faktiki staj və 23 il güzəştli staj hesablanacaq.
Nazir deputat Əli Məsimlinin minimum pensiya almaq üçün tələb olunan pensiya kapitalının artmasının pensiya əlçatanlığını azaltması ilə bağlı fikirlərinə cavab olaraq deyib ki, minimum pensiya məbləği artdıqca tələb olunan kapital da artır. Bununla yanaşı, qanunvericilikdə pensiya hüququ əldə etmək üçün alternativ mexanizmlər nəzərdə tutulub.
“Bizim bilirsiniz ki, əmək pensiyaları haqqında digər bir mexanizmimiz var. O kapitaldan asılı olmayaraq bu günləri 25 il şəxsin stajı varsa, o pensiya sisteminə düşə bilər”, - Anar Əliyev bildirib.
Nazir qeyd edib ki, 2019-cu ildən tətbiq olunan sığorta stajlarının amnistiyası mexanizmi də əhalinin pensiya sisteminə çıxışını asanlaşdırmağa xidmət edir.
“Keçən ilə qədər biz kapitalında 1 manat belə vəsaiti olan şəxsə 25 il kapital hədiyyə eləyirdik. Bu il artıq bir il staj və 24 il kapital hədiyyəsi düşür. Növbəti il iki il staj və 23 il kapital hədiyyəsi olacaq. Yəni bu kimi mexanizmlərlə biz əhalinin pensiya sisteminə əlçatanlığını dəstəkləyə bilirik”, - nazir vurğulayıb.