Aralıq seçkilərdən 2028-ə: ABŞ-də prezident də demokrat olacaq?

ABŞ-də parlamentin hər iki qanadına keçirilən aralıq seçkilərdə demokratların qələbə qazanması növbəti prezident seçkisində də oxşar nəticənin əldə ediləcəyinə dair ümidlər yaradıb. Amerikada növbəti seçkilər 2028-ci ildə keçiriləcək. Ehtimal edilir ki, artıq respublikaçılara inam zəifləyib və bu səbəbdən prezident seçkisində də demokratların namizədi qələbə əldə edəcək.

Bəs ABŞ-dəki aralıq seçkilərin nəticələrinə əsaslanaraq 2028-ci il prezident seçkilərində də demokrat namizədin qalib gələcəyini ehtimal etmək olarmı? Tarixi təcrübə bu baxımdan hansı mənzərəni ortaya qoyur?

Politoloq Abutalıb Səmədov bu barədə Sfera.az-a açıqlama verərkən bildirib ki, ABŞ-də aralıq seçkilərdə müxalifətin üstünlük qazanması ənənəvi siyasi tendensiyadır.

Onun sözlərinə görə, bu, seçicilərin prezident hakimiyyəti ilə qanunverici hakimiyyət arasında müəyyən balans yaratmaq istəyindən irəli gəlir:

“Mövcud tendensiyalar Respublikaçılar Partiyasının 2028-ci il prezident seçkilərində qələbə şansının yüksək olmadığını göstərir. Lakin vəziyyət tam ümidsiz deyil. Seçkilər ərəfəsində ictimaiyyətin rəyi dəyişə bilər və tarixdə bunun nümunələri az deyil. Məsələn, Ronald Reyqanın hakimiyyəti dövründə aralıq seçkilərdə demokratlar qalib gəlsələr də, sonrakı prezident seçkilərində Respublikaçıların namizədi Corc Buş qələbə qazandı”.

A.Səmədovun fikrincə, respublikaçılar bundan sonra əhalinin gözləntilərinə uyğun siyasət yürüdə bilsələr, prezident seçkilərində qalib gəlmək imkanlarını qoruya bilərlər:

"Lakin hazırkı şəraitdə bu ehtimal kifayət qədər aşağıdır. Donald Trampın öz siyasətində ciddi dəyişikliklərə getməsi də inandırıcı görünmür. Trampın özünü partiyanın seçkidəki uğurunun əsas təminatı hesab etməsi yanlış yanaşmadır. Bu siyasət davam edərsə, respublikaçıların 2028-ci ildə prezident seçkilərində qalib gəlmək şansı daha da zəifləyə bilər”.