Şəhid olacağını atasına deyən qəhrəman - “İsmayıl Məqamı”ndan REPORTAJ

Şanlı Zəfərimizin üzərindən 6 il ötür. 6 il deyil, 60 ili də arxada qoysaq, bu Zəfər gələcək nəsillər üçün həmişə təzə qalacaq. Axı, niyə də olmasın?

Düşünün, torpaq uğrunda canını fəda edənləri... Qanı ilə bu torpağı suvaranları... Atasız, qardaşsız, oğulsuz qalanları, ömür-gün yoldaşını itirənləri... Tək bu günlərdə deyil, hər gün, hər an xatırlamalıyıq bizə Qarabağı qaytaran igidləri.

O qəhrəmanlardan biri də İsmayıl Kərimlidir. Ötən gün "Nizami" Kino Mərkəzində şəhidin əziz xatirəsinə həsr olunmuş "İsmayıl Məqamı" filmi nümayiş olundu.

Modern.az olaraq biz də qəhrəmanımızın həyat yolunu işıqlandırmaq, onu daha yaxından tanımaq üçün bu tədbirdə idik.

Qonaqlar artıq gəlməyə başlamışdı. Hər kəsin üzündə izahı çətin olan bir kədər vardı. İştirakçılar sanki yaxınlaşan Şanlı Zəfər Gününün sevincini tədbirə qatılan Şəhid analarından gizlətməyə, onların kədərinə şərik olmağa çalışırdılar.

Tədbirdə şəhid ailələrinin üzvləri, deputatlar, media nümayəndələri, Şəhid İsmayıl KərimIinin döyüş və qrup yoldaşları, komandiri, eləcə də onu hər zaman sevgiylə xatırlayan yaxınları iştirak edirdilər.

Hər kəsi bir araya toplayan tək bir ucalıq var idi - “İsmayıl Məqamı”. O məqam ki, hər zaman ən ali zirvədə duracaq və daim xatırlanacaq...

Filmin nümayişindən öncə İsmayılın anası Rəna Kərimova ilə həmsöhbət olduq. Ana ürəkdağlayan bir nisgillə bildirdi ki, İsmayıl cəbhəyə yola düşəndə onunla göz-gözə gəlib sağollaşa bilməmişdi: “O, şəhadətə qovuşduqdan sonra da özümdə güc tapıb oğlumla vidalaşa, son sözümü deyə bilmədim...”

“İsmayıl noyabrın 3-də şəhid olub. Ayın 3-dən 8-nə qədər şəhid olanların hər biri Şuşa uğrunda gedən döyüşlərin iştirakçılarıdır. O, Şuşa ətrafındakı şiddətli döyüşlərdə, "1553 hündürlüyü"ndə qəhrəmancasına həlak oldu.

Həmin döyüşdə İsmayılla birlikdə olan iki kəşfiyyatçı dostu onun barəsində çox məqamları danışdılar. Əlbəttə, filmin məhdud vaxtı çərçivəsində hər şeyi tam əks etdirmək mümkün deyildi. Onlar necə vuruşduqlarını, gülləbaran altında baş qaldırmağın belə imkansız olduğunu bildirirlər. Ermənilər həmin yüksəkliyi əldən vermək istəmirmişlər, çünki oradan birbaşa Şuşanı atəş altında saxlamaq olurdu. Şuşanın müdafiəsi üçün həmin nöqtə strateji əhəmiyyət daşıyırdı, bu səbəbdən də orada ən qanlı döyüşlər gedib.

Filmə gəldikdə isə bu ekran əsəri mənim İsmayıla çatdıra bilmədiyim son sözümdür. İsmayıl cəbhəyə yola düşəndə onunla sağollaşa bilməmişdim. O, şəhid olduqdan sonra da özümdə güc tapıb vidalaşa, son sözümü deyə bilmədim; bu, içimdə bir nisgil kimi qaldı. Ona olan sevgimi və son sözümü məhz bu film vasitəsilə ifadə etdim.

Çox sağ olsunlar ki, belə bir imkan yarandı, hərtərəfli kömək göstərildi. Filmin ərsəyə gəlməsində çox insanın əməyi oldu. Həm mənəvi, həm də maddi cəhətdən heç kim dəstəyini əsirgəmədi. Hətta ucqar yerlərdən gəlib müsahibə verənlər oldu. Allah hamısından razı olsun.

Döyüş yoldaşlarından biri, səhv etmirəmsə adı Rövşəndir, mənə dedi: "Biz sizinlə çoxdan qohumuq, döyüşdən əvvəl qanımızla and içmişdik ki, bir ailəyik". Təsəvvür edin, 7 nəfər kəşfiyyatçı oğul çiyin-çiyinə döyüşüb. Onlar heç vaxt yaralı və ya şəhid yoldaşlarını döyüş meydanında qoymayıb, çiynlərində daşıyıblar. Şuşa döyüşləri haqqında hələ çox danışılacaq.

Onu da əlavə edim ki, filmin özü çox maraqlı çəkilib, bunu izlədikdə görəcəksiniz. Rejissor Səməd Mehriban Ağayev çox istedadlı, gələcəyi parlaq olan bir sənətçidir. O, təmənnasız əməyi və peşəsinə olan sevgisi ilə bu filmdə öz sözünü deyib. Bunu siz də görəcəksiniz”.

Filmin nümayişindən öncə İsmayılın atası Ceyhun Kərimovla da həmsöhbət olduq. Şəhid atası bildirdi ki, sadə bir Azərbaycan ailəsində böyümüş gəncin necə bir qəhrəmana döndüyü filmdə əks olunub:

"Zəfərimizin üstündən artıq 6 il keçib, biz istədik ki, 11 aydır çəkilən bu filmdə qəhrəmanımızın keçdiyi yol, sadə bir Azərbaycan ailəsində böyümüş gəncin necə qəhrəmanına çevrildiyi əks olunsun. İstəyirdik ki, bu məlumatı gələcək nəslimizə çatdıraq. Gənclərimiz bu filmə baxanda təkcə İsmayıl və ya hər hansı bir əsgər, döyüşçü haqqında deyil, həm də onların hansı şəraitdə və necə ağır əməliyyatlardan keçdiklərinin şahidi olsunlar. Bütün bunlar gəncləri vətənpərvərlik ruhunda böyüməyə ruhlandırsın.

Yəni bizim əsas məqsədimiz bu idi. Mən bütün Azərbaycan xalqını Zəfər bayramı münasibətilə təbrik edirəm, hər bir azərbaycanlıya can sağlığı arzulayıram. Şəhidlərimizin ruhu o zaman şad olar ki, biz onların yarımçıq qalmış işlərinin davamçısı olaq, yoxsa ruhları rahat olmaz. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin, xalqımızı qorusun. Zəfər bayramımız mübarək olsun!”

Qərbi Azərbaycan İcması Qadınlar Şurasının sədri, deputat Məlahət İbrahimqızı bildirib ki, Azərbaycan xalqı artıq matəm libasını əynindən çıxarıb:

"Azərbaycan xalqı altıncı dəfə qeyd edəcəyi möhtəşəm Zəfərin sevincini yaşayır. Bu möhtəşəm Zəfər həm ölkəmizdə, həm də Azərbaycanın hüdudlarından uzaqlarda təntənəli şəkildə qeyd olunur.

Biz bir tərəfdən Zəfərimizin növbəti ildönümünü bayram edir, digər tərəfdən də bu Qələbəni bizə bəxş edənləri xatırlayırıq. Şəhidlərimizin ruhu qarşısında baş əyir, ehtiramımızı bildirir, qazilərimizə və şanlı ordumuza dualar edirik. Qəhrəman ordumuzla fəxr edir, xalqımızı qalib edən, bu Zəfəri bizə qazandıran Müzəffər Ali Baş Komandanımızın böyük səfərbərliyindən və qəhrəmanlığından danışır, minnətdarlığımızı bildiririk. Həqiqətən də qalib bir xalqın nümayəndəsi olmağın böyük qürurunu yaşayırıq.

Bu günlərdə bizə Zəfəri qazandıranların anım günlərini də keçiririk. 27 sentyabrdan - Anım Günündən başlayaraq 8 noyabra qədər hər gün şəhidlərimizin əziz xatirəsini yad edir, məzarlarını fəxrlə ziyarət edir və eyni zamanda Zəfər sevincinə doğru addımlayırıq.

Azərbaycan xalqı artıq matəm libasını əynindən çıxarıb. Biz 44 günlük Vətən müharibəsinə qədər mənəvi bir matəm içində idik, çünki dünya bizi məğlub xalq kimi görürdü. Lakin biz bilirdik ki, bir gün Zəfər qazanacağıq. Bilirdik ki, suverenliyimizi bərpa edəcəyik, qəhrəman ordumuz və onun Müzəffər Ali Baş Komandanı bir qarış torpağımızı da düşmən tapdağında qoymayacaq. Amma bu arzu reallaşana qədər hələ son sözümüzü deməmişdik. Nə qədər işlər görülsə də, ordumuz güclənsə də, dövlətimizin dünyadakı nüfuzu artsa da, əsas məqsədimizi hələ reallaşdıra bilməmişdik.

Tam səmimiyyətlə qeyd edirəm, biz artıq o məğlubiyyət və matəm hissindən azad olmuşuq. Torpaq nə vaxt Vətən olur? Uğrunda şəhid qanı töküləndə. Biz şəhid verməsəydik, torpaqlarımız işğaldan azad olunmazdı, əcdadlarımızın məzarları qovuşan o torpaqlar həqiqi Vətənimizə çevrilməzdi. Ona görə də biz artıq qalib bir dövlətin, qalib bir xalqın nümayəndəsi kimi dünyada öz sözümüzü fəxrlə deyirik.

Bax, bu gün İsmayıl Ceyhun oğlunun xatirəsinə həsr olunmuş filmi təqdim edərkən təkcə onun xatirəsini yad etmirik. Əlbəttə, İsmayılın əziz xatirəsini xatırlayacaq, onun ruhu qarşısında baş əyəcəyik. Lakin İsmayılın simasında Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş hər bir qəhrəman Vətən övladının xatirəsini anır, ruhları qarşısında dərin ehtiramımızı bildiririk.

Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Şücaətli, rəşadətli ordumuza daha böyük zəfərlər qazanmağı nəsib etsin, çünki bizim mübarizəmiz və gücümüz hələ bundan sonra da davam edəcək!"

Qonaqlar arasında olan deputat Sevinc Hüseynova:

"Şəhidlərimizin həyatını işıqlandırmaq çox böyük əhəmiyyət kəsb edir. Bu, gənc nəslin təlim-tərbiyəsində xüsusi rol oynayır. Böyüməkdə olan nəslimiz məhz belə fədakarlıq nümunələri əsasında - Vətənə sevgi, torpağa bağlılıq və dövlətə sədaqət ruhunda tərbiyə olunmalıdır. Bu baxımdan, təqdim olunan layihə çox gözəl bir təşəbbüsdür və biz bunu yüksek qiymətləndiririk".

Artıq saat 19:00-dır. Tədbirin rəsmi hissəsi başlayır, qonaqlar növbə ilə çıxış edirlər.

Və nəhayət, hər kəsin səbirsizliklə gözlədiyi həmin an gəlib çatır - filmin nümayişinə başlanılır. Qaranlığa qərq olan zalda İsmayılın əziz xatirəsi ilə yalnız qalırıq...

İsmayıl Kərimli Bakı şəhərində 157 saylı orta məktəbin məzunu olub. 2015–2019-cu illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetində su təsərrüfatı və MKS ixtisası üzrə ali təhsil alıb. Anası Rəna xanım danışır:

"O, yeddinci sinifdə olanda dedi ki, mən hərbçi olmaq istəyirəm. İcazə vermədim, elə bildim uşaqlıq həvəsidir. Amma universiteti bitirdi, diplomunu gətirib mənə verdi ki, ana, sənin dediyini etdim, indi isə hərbi xidmətə gedirəm və yəqin ki, elə orada qalacağam..."

Dağların başında ərənlər yaşar

Hay salıb hayqırar, sel olub daşar

Qəlbləri bu yurda sevgidən coşar

Bu eşqlə dolarlar yaşa igidlər.

Bacısı Nuriyyə Kərimli deyir ki, İsmayıl hərbi xidmətdən qayıdandan sonra 3 aylığa bağa getmişdilər. Həmin 3 ay o qədər gözəl keçmişdi ki... O zaman kim bilərdi ki, bu, bacı-qardaşın bir yerdə əyləndiyi sonuncu günlərdir?

İsmayılın müharibəyə getməsi isə başqa bir hekayədir. Bir gün qohumlarıgilə gedərkən yolda hərbi texnika karvanını görürlər. Dayısı deyir: "Həmin an bildim ki, biz İsmayılı saxlaya bilməyəcəyik". Və elə də olur.

İsmayıl "hərbi komissarlğa könüllü müraciət edir. Amma aparmırlar. Bir də gedir, yenə "yox" deyirlər. Həmin vaxt əsəbiləşib soruşur ki, məni nəyə görə aparmırsınız?!

Anası Rəna xanım xatırlayır: "İsmayıla dedim ki, səninçün qurban demişdim ki, hərbi xidmətini sağ-salamat başa vurub gələrsən. Gəl, heyvanı kəsib qonşulara paylayaq. Əti hissələrə böldük, küçə ilə gedirik. Gördüm ki, əhvalı yaxşı deyil, nə olduğunu soruşdum, dedi: "Ay ana, sən bu qurbanı mən müharibəyə getməyim deyə kəsdirdin?" Dedim ki, elə şey olar?..

Mən anayam, ürəyim dayanmırdı, istəmirdim getsin. Amma həm də istəyirdim ki, gedib sağ-salamat qayıtsın. Dua edirdim ki, onu aparmasınlar. Mətbəxdə idim, İsmayıl gəlib dedi ki, "ana, məni niyə buraxmırsan gedim, qorxursan ki, öləcəm?" Dedim, axı mən nə edirəm? Dedi ki, "yox, sən məni qoymursan ki, mən gedim". O Allaha dua edirdi ki, müharibəyə aparsınlar, mən isə tam əksini... Dedim, onda mənə söz ver ki, qayıdacaqsan. Dedi "mütləq qayıdacam". Elə səhəri İsmayılı müharibəyə apardılar..."

Bəzən elə vədlər verməyə məcbur oluruq ki, onların həyata keçməyəcəyini içdən-içə bilirik... İsmayıl da Vətən uğrunda döyüşə gedirdi. O, ölümü çoxdan unutmuşdu, tək amalı son nəfəsinə qədər vuruşub torpaqlarımızı azad etmək idi. Bu amalla yola çıxan İsmayıl verdiyi hər iki sözü tutdu - həm torpaqlarımızı azad etdi, həm də söz verdiyi kimi, öz evinə “qayıtdı”... Amma bu qayıdış başqa cür oldu.

Zalda dərin bir sükut hökm sürürdü... İşıqlar sönüb, böyük ekranda isə qəhrəman İsmayıl Kərimli və onun timsalında minlərlə igidimizin obrazı canlanırdı.

Atası Ceyhun Kərimov danışır: "Sonuncu dəfə mənimlə uzun-uzadı danışdı. Dedim ki, nə yaxşı, danışa bilirsən? Dedi ki, icazə verirlər. O dəqiqə soruşdum ki, vacib əməliyyatamı çıxacaqsınız? Dedi ki, hə. Səsimdəki titrəyişi hiss edib dedim ki, səndən xahiş edirəm, özündən müğayət ol!" O isə təmkinlə, gülümsəyərək cavab verdi: "Ay papa, mən ki gizlənən oğlan deyiləm, axı sən bilirsən, mən döyüşməyi bacarıram. Mən inadla "nə olsun, sən hələ müharibənin sirrini bilmirsən, nə olar, ehtiyatlı ol" dedim. O isə... xəttin o başından sanki ürəyimi ovcuma qoyub getdi: "Papa, sənə zəng gəlsə ki, İsmayılın atasısan?.. Bil ki, mən daha yoxam...""

Zalda için-için göz yaşı tökənlərin, hıçqırıqlarını boğmağa çalışanların o ağır səssizliyi insanın ruhunu üşüdürdü... Elə yaralar var ki, nə zamanla sağalması mümkündür, nə də kimsə o yaranın qapanmasını istəyər... Müharibə və şəhadət məhz o əbədi yaradır, silinməz izdir.

Ekrandakı görüntülər bir-birini əvəz edir, amma zaldakı kədərli hava dəyişməz qalır. İsmayılın o son cümləsi sanki divarlardan asılı qalıb hər kəsin nəfəsini kəsir...

Və həmin an qulaqlarımda tək bir mahnının misraları səslənir:

Bu eldə gözəllər sevərlər mərdi

Hər ocaq başında hər oğul ərdir

Vətənçün can vermək burda hünərdir

Hərəsi bir uca nərdir igidlər.

İsmayılın timsalında qəhrəman oğullarımız üçün Vətən uğrunda can vermək bir hünər idi. İlahi, bundan uca, bundan gözəl başqa nə ola bilərdi ki?.. Bütün igidlərimiz bir ƏRƏN, birər NƏR idi. Neçə-neçə nərlərimizi qoyduq o soyuq torpağın altına…

Çətindir, Vətənimiz üçün, Millətimiz üçün çox çətindir... Amma bu ağır acının tək təsəllisi günü-gündən çiçəklənən, azad Qarabağımızdır.

Film artıq yekunlaşdı. Hər kəs ayaq üstə, dəqiqələrlə kəsilməyən alqışlar fonunda “İsmayıl Məqamı” ilə vidalaşdı. Film bitdi, amma tamaşaçılar zalı tərk etməyə tələsmirdilər. Gözləri yaşaran hər kəs bir anlıq o tarixi günlərə qayıtdı... İnsanlar bir anlıq İsmayılla bir yerdə böyüdülər, onunla bir yerdə şəhid oldular...

Filmdən sonra zalın bir küncündə sakitcə göz yaşlarını silən xanıma yaxınlaşıb həmsöhbət olduq.

Söhbət əsnasında bildirdi ki, İsmayıl onun oğlunun dostu idi: "Onlar bir yerdə, bir həyətdə böyüyüblər. Münasibətləri o qədər yaxın idi ki, İsmayıl oğluma demişdi ki, “məni əsgərliyə sən yola salmalısan”. Oğlum da həmin vaxt Çində idi. Gəlib İsmayılı hərbi xidmətə yola saldı… Aralarında uşaqlıqdan gələn belə möhkəm həyətyoldaşlığı, dərin dostluq var idi”.

İsmayılın hərbi xidmətdə komandiri olmuş Səftər Niftəliyev filmlə bağlı təəssuratlarını bölüşdü:

“Mən İsmayılın N saylı hərbi hissədəki kəşfiyyat bölüyündə komandiri olmuşam.

Film çox yüksək səviyyədə ərsəyə gəlib. Bu, vətənpərvərlik ailəsi, əsl Azərbaycan əsgərinin gücünü göstərən gözəl bir nümunədir. Filmdə əsl ailə dəyərləri, atanın övladına, övladın anasına olan sevgisi əks olunub”.

Vətənin qədrini bilər igidlər

Qartaltək zirvədə ölər igidlər.

Zəfəri bizlərə yaşadan, qürurumuz olan qəhrəmanları heç zaman, heç bir halda unutmayacağıq! Onları sonsuz hörmət və minnətdarlıqla yad edirik.

İsmayılın timsalında bütün şəhidlərimizə Allahdan rəhmət, Qazilərimizə şəfa və uzun ömür, Müzəffər Azərbaycan Ordusuna isə daim yeni zəfərlər və sarsılmaz qüdrət diləyirik!