8 Noyabr – Zəfər Günü münasibətilə Laçın rayonunda məskunlaşan şəhid ailələrinə ziyarətlər təşkil edilib.
Ziyarətlərdə Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov, Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktoru Rafiq Salmanov, Xidmətin və xüsusi nümayəndəliyin əməkdaşları, eləcə də Dövlət Məşğulluq Agentliyinin Şərqi Zəngəzur Regional Məşğulluq filialının Laçın rayon xidmət şöbəsinin nümayəndələri və digər qonaqlar iştirak ediblər.
Görüş iştirakçıları ilk olaraq Azərbaycanın Milli Qəhrəmanı Oqtay Güləliyevin evinə baş çəkiblər. Şəhidin həyat yoldaşı Afət Novruzova ilə aparılan söhbət əsnasında Milli Qəhrəmanın Vətən qarşısındakı misilsiz xidmətləri və qəhrəmanlıq dolu həyat yolu ehtiramla xatırlanıb, ailənin ehtiyac və qayğıları ilə maraqlanılıb.
Görüş çərçivəsində Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun qazandığı şanlı Zəfərdən söz açılıb. Vurğulanıb ki, bu tarixi Qələbə minlərlə qəhrəman Vətən övladının canı və qanı bahasına, Azərbaycan əsgər və zabitlərinin cəsurluğu və rəşadəti sayəsində qazanılıb.
Sonra Azərbaycanın Milli Qəhrəmanı İsrafil Şahverdiyevin ailəsinə baş çəkilib. Şəhidin həyat yoldaşı Hökumə Şahverdiyeva ilə keçirilən görüşdə Milli Qəhrəmanın şərəfli döyüş yolu və Vətənə göstərdiyi xidmətlər yad edilib, ailənin qayğıları barədə məlumat alınıb.
Şəhid ailələri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya dərin minnətdarlıqlarını ifadə ediblər.
Gün boyu Laçın rayonunda yaşayan başqa şəhid ailələri də ziyarət olunub, onlarla görüşlər keçirilib, ailələrin ehtiyacları öyrənilib və şəhidlərin əziz xatirəsi dərin ehtiramla anılıb.