“Tramp bundan sonra daha az idarə edən, daha çox müdafiə olunan prezidentə çevriləcək...”-MÜSAHİBƏ

Əli Əskərli: “Demokratların hər iki palatada çoxluq əldə etməsi Trampın impiçmenti məsələsini daha real siyasi gündəmə gətirir, amma...”

“Demokratlar komitələrə rəhbərlik edəcək, büdcə müzakirələrinə təsir göstərəcək, administrasiyanın fəaliyyətini araşdıracaq, yüksək vəzifəli şəxsləri Konqres qarşısında izahat verməyə çağıracaq və prezidentin təyinatlarına ciddi maneələr yarada biləcəklər...”

“Bundan sonra əsl maraqlı sual budur: Demokratlar Trampı tənqid etməklə kifayətlənəcəklər, yoxsa alternativ daxili və xarici siyasət modeli təklif edə biləcəklər?..”

ABŞ-da aralıq seçkilərin nəticələri Donald Trampın siyasi gələcəyi və Ağ Evin növbəti iki ildəki fəaliyyət imkanları ətrafında ciddi suallar yaradıb. Konqresdə Demokratların mövqelərinin güclənməsi Tramp administrasiyasına qarşı siyasi nəzarətin artması, impiçment ehtimalının yenidən gündəmə gəlməsi və Vaşinqtonun xarici siyasət kursunda mümkün dəyişikliklər deməkdir. Bəs bu proseslər Trampın hakimiyyətini nə dərəcədə zəiflədə, Respublikaçılar daxilində hansı parçalanmalara yol aça bilər? Demokratların güclənməsi ABŞ-ın İran, İsrail və Rusiya-Ukrayna müharibəsinə münasibətini dəyişəcəkmi? Birləşmiş Ştatlarda yaşayan siyasi təhlilçi və konfliktoloq Əli Əskərli Moderator.az-a müsahibəsində bu suallara aydınlıq gətirərək Trampın siyasi perspektivləri, impiçment ssenarisi və Amerikanın daxili-xarici siyasətində gözlənilən proseslərlə bağlı maraqlı dəyərləndirmələrini bölüşüb.

- Əli bəy, ABŞ-da aralıq seçkilərin ilkin nəticələri Demokratların Nümayəndələr Palatasında nəzarəti ələ keçirə biləcəyini göstərir. Bu nəticələr Donald Trampın prezidentliyinin qalan iki ilində siyasi mövqelərinə, daxili və xarici siyasətinə, xüsusilə də Konqreslə münasibətlərinə necə təsir göstərəcək? Respublikaçılar Partiyası daxilində Trampa qarşı narazılığın güclənməsi və onun siyasi dayaqlarının zəifləməsi ehtimalı varmı?

-Prezident Tramp apardığı yanlış və radikal – hətta siyasi leksikonda o qədər də işlənməyən bir ifadə ilə desək, mərhəmətsiz siyasətin müqabilində ağır bir məğlubiyyət aldı. Əvvəlcə bir mühüm məqamı dəqiqləşdirmək lazımdır: 4 noyabr 2026-cı il tarixinə artıq söhbət yalnız Nümayəndələr Palatasından getmir. Son məlumatlara görə, Demokratlar həm Nümayəndələr Palatasında, həm də Senatda çoxluğu əldə ediblər. Bu, Tramp üçün daha ciddi siyasi məğlubiyyətdir...

Demokratların Nümayəndələr Palatasına və Konqresə nəzarəti ələ keçirməsi Trampın hakimiyyətinə son qoymayacaq, amma onun prezidentliyinin xarakterini ciddi şəkildə dəyişəcək. Tramp bundan sonra daha az idarə edən, daha çox müdafiə olunan prezidentə çevriləcək. Burada ümumən qəbul olunmuş bir deyimlə ifadə etsək, Tramp bundan sonra “topal ördək” olacaq. Lakin Konqresdə Demokratların çoxluq təşkil etməsi prezidentin səlahiyyətlərini azaltmır. Ümumiyyətlə, xarici siyasət məsələlərində Senatın mövqeyi, büdcə mexanizmləri və Konqres daxilindəki siyasi parçalanma da nəzərə alınmalıdır.

Hesab edirəm ki, bu nəticələr Trampın ikinci prezidentliyinin dönüş nöqtəsidir. Tramp 2024-cü ildə ona verilmiş siyasi mandatı özünəməxsus şəkildə şərh edərək hakimiyyətin müxtəlif institutlarını daha çox prezident administrasiyasının nəzarəti altına almağa çalışırdı. Bu, Amerika demokratiyası ənənələrinə zidd bir siyasət idi. Aralıq seçkilərin nəticələri isə göstərdi ki, Amerika cəmiyyəti prezident hakimiyyətinin bu qədər mərkəzləşdirilməsinə və xüsusilə onun iqtisadi və xarici siyasətinin nəticələrinə qarşı ciddi narazılıq ifadə edir...

Ən mühüm məsələ Demokratların Konqresin hər iki palatasına nəzarəti ələ keçirməsidir. Bu, Trampın qarşısında artıq sadəcə siyasi müxalifət deyil, real və mütəşəkkil əks-qüvvə yaradır. Demokratlar komitələrə rəhbərlik edəcək, büdcə müzakirələrinə təsir göstərəcək, administrasiyanın fəaliyyətini araşdıracaq, yüksək vəzifəli şəxsləri Konqres qarşısında izahat verməyə çağıracaq və prezidentin təyinatlarına ciddi maneələr yarada biləcəklər...

Daha maraqlı məsələ Respublikaçılar daxilində baş verə biləcək proseslərdir. Məncə, Trampa qarşı narazılığın artması real ehtimaldır. Siyasi partiyalar ideologiyadan əlavə, hakimiyyətdə qalmaq marağı ilə də hərəkət edirlər. Respublikaçı siyasətçilər artıq Trampın populyarlığının onlara seçki üstünlüyü gətirdiyinə əmin olmadıqları halda, öz siyasi gələcəklərini qorumağa çalışacaqlar. Bizdəkindən fərqli olaraq, buradakı siyasətin belə amansız qaydaları da var...

Burada əsas məsələlərdən biri də Trampın birdən-birə öz partiyası daxilində əvvəlki mübahisəsiz liderlik mövqeyini itirməsidir. 2028-ci il prezident seçkiləri uğrunda mübarizə faktiki olaraq indidən başlayacaq. Respublikaçılar daxilində Trampdan sonrakı dövrün liderləri müəyyənləşməyə çalışacaqlar. Mənim qənaətim budur ki, Trampın qarşıdakı iki ili siyasi baxımdan əvvəlki iki ildən xeyli çətin olacaq. O, hələ də geniş prezident səlahiyyətlərinə malikdir, amma artıq Konqresin qeyd-şərtsiz dəstəyinə arxalana bilməz...

-Demokratlar Nümayəndələr Palatasında çoxluğu əldə edəcəkləri təqdirdə, Trampa qarşı yeni impiçment prosesinə başlamaq imkanları yaranacaqmı? Belə bir ssenarinin hüquqi və siyasi əsasları nə dərəcədə realdır, Senatda respublikaçıların mövqeyi impiçmentin yekun taleyinə necə təsir edə bilər və Trampın prezidentlik müddətinin vaxtından əvvəl başa çatması ehtimalını ümumiyyətlə müzakirə etmək olarmı?

-Demokratların hər iki palatada çoxluq əldə etməsi impiçment məsələsini daha real siyasi gündəmə gətirir. Amma burada iki fərqli məsələni qarışdırmaq olmaz: impiçment prosesinin başlanması və prezidentin vəzifəsindən kənarlaşdırılması...

ABŞ Konstitusiyasına əsasən, Nümayəndələr Palatası impiçment maddələrini sadə səs çoxluğu ilə qəbul edə bilər. Bundan sonra Senatda məhkəmə xarakterli proses keçirilir və prezidentin vəzifədən kənarlaşdırılması üçün senatorların üçdə ikisinin səsi tələb olunur. Yəni, təxminən 66 faizlik səs impiçmentin yekun nəticəsi üçün vacibdir. Bu o deməkdir ki, Demokratların Senatda ən azı 66 səsi olmalıdır. An etibarilə isə onların sayı 54-dür...

Hazırkı siyasi şəraitdə Demokratların impiçment prosesinə başlaması mümkündür. Bunun üçün Tramp administrasiyasının fəaliyyəti ilə bağlı konkret hüquqi əsaslar, sənədlər və sübutlar ortaya qoyulmalıdır. Prezidentin siyasi qərarlarını bəyənməmək və ya onun siyasətini uğursuz hesab etmək özlüyündə impiçment üçün kifayət deyil. Lakin məncə, məsələni yalnız hüquqi prosedur kimi qiymətləndirmək düzgün olmaz. İmpiçment həm də siyasi təzyiq, ictimai müzakirə və prezident administrasiyasının legitimliyini sınağa çəkən mexanizmdir. Üstəlik, bu dəfə Demokratların Senatda da çoxluq əldə etməsi əvvəlki ssenarilərdən fərqli vəziyyət yaradır. Bununla belə, sadə çoxluq prezidentin vəzifədən kənarlaşdırılması üçün kifayət etmir. Üçdə iki səs tələb olunur və bu, Demokratların təkbaşına əldə edə biləcəyi nəticə deyil....

Mən Trampın prezidentlik müddətinin vaxtından əvvəl başa çatmasını hazırda real hesab etmirəm. Amma onun siyasi hakimiyyətinin ciddi şəkildə zəifləməsi, administrasiyasının daxili böhranlarla üzləşməsi və 2028-ci ilə qədər faktiki olaraq siyasi müdafiə mövqeyinə keçməsi kifayət qədər realdır...

-Demokratların Nümayəndələr Palatasında çoxluğu ələ keçirməsi ABŞ-ın İsrailə münasibətdə siyasətində hansı dəyişikliklərə səbəb ola bilər? Xüsusilə, Qəzza müharibəsi, İsrailə hərbi yardım, Netanyahunun hökumətinə siyasi dəstək və Yaxın Şərqdə atəşkəs məsələlərində Tramp administrasiyasının manevr imkanları məhdudlaşa bilərmi?

-Burada ciddi dəyişiklik ehtimalı var, amma bunu İsrailə Amerikanın dəstəyinin sona çatması kimi təqdim etmək düzgün olmaz. ABŞ-ın İsraillə münasibətləri təkcə Trampın və ya konkret administrasiyanın siyasətindən asılı deyil. Bu münasibətlərin arxasında onilliklər ərzində formalaşmış strateji, hərbi, siyasi və institutlararası əlaqələr dayanır. Hətta Demokratlar hakimiyyətdə olduqları dövrlərdə də İsrail ABŞ-ın Yaxın Şərqdə əsas müttəfiqlərindən biri olaraq qalıb.

Ancaq burada mühüm bir fərq var: İsrailə strateji dəstək verməklə Netanyahu hökumətinin bütün qərarlarını dəstəkləmək eyni şey deyil. Tramp hələ iki gün əvvəl İsrailə artıq maddi dəstək verməyəcəklərini söyləmişdi. Amma onun nə dərəcədə tez-tez fikir dəyişdirdiyi məlum bir həqiqətdir...

Məncə, Demokratların Konqresdə güclənməsi məhz bu fərqi daha aydın ortaya çıxaracaq. Xüsusilə Qəzzada müharibənin nəticələri, mülki əhalinin çəkdiyi əzablar, humanitar böhran və İsrail hökumətinin hərbi əməliyyatları ilə bağlı tənqidlər Konqresdə daha ciddi müzakirə ediləcək...

Maraqlı məqam odur ki, Tramp administrasiyası seçki ərəfəsində İsrailə ildə təxminən 4 milyard dollarlıq maliyyə yardımının 2026-cı ildən sonra dayandırılacağını elan edib. Halbuki mövcud ABŞ-İsrail yardım razılaşması 2028-ci ilin sentyabrına qədər qüvvədədir. Bu açıqlamanın necə həyata keçiriləcəyi hələ aydın deyil.

Demokratların Konqresdə nəzarəti ələ keçirməsi silah satışları, hərbi yardımın şərtləri, humanitar yardımlar və Netanyahu hökumətinə siyasi dəstək məsələlərində Tramp administrasiyasına təzyiq imkanlarını artıracaq.

Ancaq mən daha mühüm və daha ciddi bir tendensiyaya diqqət yetirərdim: ABŞ cəmiyyətində İsrail siyasətinə münasibət dəyişir. İsrailə dəstək artıq Amerika siyasətində əvvəlki kimi mübahisəsiz və partiyalarüstü məsələ deyil. Xüsusilə gənc nəsil və Demokrat Partiyasının müəyyən qanadları İsrail hökumətinin siyasətinə daha tənqidi yanaşırlar. Belə bir dəyişikliyin əsas səbəblərindən biri İsrailin Fələstin xalqına qarşı insanlığa sığmayan zorakılığı və bunun sosial media vasitəsilə yayılması oldu. Açığı, İranda məktəbli qızların amansızcasına öldürülməsi də vicdanları sızlatdı...

İsrailə qarşı münasibətin dəyişməsi uzunmüddətli perspektivdə daha əhəmiyyətli dəyişiklikdir. Çünki ABŞ-İsrail münasibətlərinin gələcəyini yalnız bugünkü administrasiya deyil, Amerika cəmiyyətinin dəyişən siyasi və mənəvi mövqeyi də müəyyən edəcək.

Tramp bundan sonra Netanyahu hökumətinə əvvəlki kimi qeyd-şərtsiz siyasi dəstək verməkdə daha ehtiyatlı davranmalı olacaq. Bununla belə, İsrailə hərbi dəstəyin tam dayandırılmasını yaxın perspektivdə real hesab etmirəm. İsrail ABŞ-ın müttəfiqi olaraq qalacaq, amma Netanyahu hökumətinin siyasətinə verilən dəstəyin avtomatik və şərtsiz xarakteri getdikcə daha çox sual altına düşəcək...

-Konqresdə Demokratların mövqelərinin güclənməsi Trampın İrana qarşı sərt siyasətinə, sanksiyaların genişləndirilməsinə və mümkün hərbi əməliyyatlara necə təsir göstərə bilər? Demokratlar prezidentin İranla bağlı qərarlarına parlament nəzarətini gücləndirərək Vaşinqtonun Tehranla münasibətlərində diplomatik xəttin önə çıxmasına nail ola bilərlərmi?

-Bu, ən aktual və ən mühüm məsələlərdən biridir. Çünki artıq söhbət yalnız İrana qarşı sanksiyalardan və potensial hərbi əməliyyatlardan getmir. ABŞ faktiki olaraq İranla müharibə vəziyyətindədir. Zənnimcə, Demokratların qələbəsinin ən bariz təsiri məhz İran məsələsində hiss oluna bilər. Bunun əsas səbəbi odur ki, İranla müharibə Tramp administrasiyasının yalnız xarici siyasət problemi deyil, o, həm də ciddi daxili siyasi və iqtisadi problemə çevrilib. Bu müharibənin iqtisadi tərəfini gözdən qaçırmaq olmaz. Aylardır düşməyən benzin qiymətləri Trampın məğlubiyyətinin əsas səbəblərindən biridir. Yüksək qiymətlərin əsas səbəbi isə İrana qarşı aparılan müharibədir. Qısacası, müharibənin ABŞ iqtisadiyyatına, enerji qiymətlərinə, yanacaq xərclərinə və bütövlükdə Amerika seçicilərinin gündəlik həyatına təsiri respublikaçıların seçki məğlubiyyətində mühüm amillərdən biri olub...

Amerika cəmiyyəti İran rejiminin siyasətini dəstəkləməyə bilər, amma bu, avtomatik olaraq İranla uzunmüddətli müharibəni dəstəkləmək mənasına gəlmir. Bir ölkənin siyasi rejiminə qarşı olmaq başqa şeydir, həmin ölkə ilə müharibənin ABŞ-ın milli maraqlarına uyğun olub-olmadığını sorğulamaq isə tamam başqa məsələdir. Demokratlar Konqresdə çoxluq əldə etdikdən sonra müharibənin maliyyələşdirilməsi, hərbi əməliyyatların hüquqi əsasları, prezidentin müharibə səlahiyyətləri və münaqişənin başa çatdırılması məsələlərini daha ciddi bir tərzdə gündəmə gətirə bilərlər...

Üstəlik, Konqresin müharibə və hərbi xərclərin maliyyələşdirilməsi üzərində konstitusion səlahiyyətləri var. 1973-cü il Müharibə Səlahiyyətləri Qətnaməsi də prezidentin Konqresin razılığı olmadan hərbi əməliyyatlar aparmasına müəyyən məhdudiyyətlər nəzərdə tutur. Müəyyən şərtlərlə, Konqresin müvafiq icazəsi olmadıqda, 60 günlük müddətdən sonra hərbi qüvvələrin müharibədən çıxarılması tələb olunur...

Maraqlıdır ki, Demokratlar artıq seçkilərdən əvvəl də İran müharibəsinə qarşı bu mexanizmlərdən istifadə etməyə çalışırdılar. İndi isə onların hər iki palatada çoxluğu bu istiqamətdə daha ciddi siyasi və büdcə təzyiqi yaratmaq imkanı verir. Senatın Demokrat lideri Çak Şumer (Chuck Schumer) də seçkidən dərhal sonra İran müharibəsini dayandırmaq niyyətini açıq şəkildə ifadə edib...

Bununla belə, mən ABŞ-İran münasibətlərində dərhal diplomatik dönüş baş verəcəyini düşünmürəm. Çünki İran məsələsi artıq yalnız Vaşinqtonun siyasi iradəsindən asılı deyil. İsrailin təhlükəsizlik maraqları, İranın nüvə proqramı, Körfəz ölkələrinin mövqeyi və regional qüvvələr balansı da burada mühüm rol oynayır. Rusiyanın timsalında da gördüyümüz kimi, müharibəni başladıqdan sonra onu dayandırmaq asan olmur...

Mənim qənaətim budur ki, Tramp İranla müharibəni siyasi iradəsinin nümayişi kimi davam etdirmək istəyərsə, bu, onun prezidentliyinin ən böyük siyasi səhvlərindən birinə çevrilə bilər. Çünki Amerika seçiciləri xarici müharibələrin maliyyə və insan itkilərinin əvəzini ödəmək istəmirlər. Tramp inadkarlıq edərsə, iki il sonra Respublikaçıların qələbə şansı olduqca azalacaq...

Demokratların əsas niyyəti isə İran rejimini müdafiə etmək deyil, Amerika prezidentinin ölkəni uzunmüddətli və sonu görünməyən bir müharibəyə qərq etmək səlahiyyətlərini məhdudlaşdırmaqdır. Ona görə də qarşıdakı dövrdə Vaşinqtonda əsas mübarizələrdən biri məhz müharibənin davam etdirilməsi və ya diplomatik çıxış yolunun tapılması ətrafında gedəcək...

-ABŞ Konqresində qüvvələr nisbətinin dəyişməsi Vaşinqtonun Rusiya-Ukrayna müharibəsinə münasibətinə, Kiyevə hərbi və maliyyə yardımının davam etdirilməsinə, eləcə də Trampın Moskva ilə danışıqlar siyasətinə necə təsir göstərə bilər? Demokratlar Ukraynaya dəstəyin artırılması istiqamətində Tramp administrasiyasına təzyiq göstərə biləcəklərmi, yoxsa prezidentin xarici siyasət kursunu dəyişmək üçün onların imkanları məhdud qalacaq?

-Demokratların Konqresdə qələbəsi Ukrayna üçün müəyyən siyasi və diplomatik imkanlar yarada bilər. Ancaq bu qələbənin avtomatik olaraq ABŞ-ın Ukraynaya əvvəlki həcmdə və əvvəlki formatda dəstəyinə qayıtması demək olduğunu düşünmürəm.

Trampın Rusiya siyasətində əsas problemlərdən biri onun Moskva ilə münasibətlərdə Ukraynanın suverenliyi və ərazi bütövlüyü məsələlərindən daha çox, özünün əldə edə biləcəyi siyasi razılaşmaya üstünlük verməsidir. Tramp Rusiya ilə birlikdə, əslində, bir başa tərəf olmadığı bir münaqişəni “həll etmək” istəyir. Bu isə nə etikdir, nə də mümkündür. Bu yanaşma Kiyevdə və Avropanın bir sıra paytaxtlarında ciddi narahatlıq doğurur. Amma belə bir yanaşmadakı yeganə səhv Trampa aid deyil. Rəsmi Kiyevin uzun müddətdir apardığı olduqca naşı siyasətin də burada rolu var.

Demokratlar Rusiyanın Ukraynaya qarşı müharibəsini beynəlxalq hüququn və Avropa təhlükəsizlik sisteminin pozulması kimi qiymətləndirirlər. Onların Konqresdə mövqelərinin güclənməsi Ukraynaya hərbi və maliyyə yardımının davam etdirilməsi, Rusiyaya qarşı sanksiyaların genişləndirilməsi və Moskva ilə danışıqlarda Kiyevin maraqlarının nəzərə alınması üçün əlavə imkanlar yaradacaq. Burada xüsusilə Senatın Demokratların nəzarətinə keçməsi əhəmiyyətlidir. Çünki Konqresin hər iki palatası həm büdcə, həm də sanksiyalar məsələsində prezident administrasiyasına ciddi təzyiq göstərmək səlahiyyətinə malikdir...

Məsələn, 2026-cı ilin avqustunda Konqresdə Ukraynaya təhlükəsizlik yardımını nəzərdə tutan illik 400 milyon dollarlıq maliyyələşdirmə mexanizmi və Rusiyaya qarşı sanksiyaları gücləndirməyə yönəlmiş qanunvericilik təşəbbüsləri artıq mövcud idi. Bu, Ukraynaya dəstəyin Konqresdə yalnız Demokratların siyasi marağı olmadığını, respublikaçılar arasında da müəyyən dəstəyə malik olduğunu göstərir...

Ancaq burada bir məhdudiyyəti unutmaq olmaz: ABŞ-ın xarici siyasətini müəyyən etmək səlahiyyəti yalnız Konqresə məxsus deyil. Prezident diplomatiya, hərbi strategiya və bir sıra icra qərarları üzərində geniş səlahiyyətlərə malikdir. Tramp Konqresin mövqeyinə baxmayaraq, Moskva ilə danışıqlarını davam etdirə bilər...

Fikrimcə, əsas mübarizə Ukraynaya yardımın həcmi ilə yanaşı, müharibənin hansı şərtlərlə başa çatdırılması məsələsində olacaq. Burada prinsipial bir mövqe var: Ukraynanın ərazi bütövlüyü və suverenliyi böyük dövlətlər arasında sövdələşmənin predmetinə çevrilməməlidir. Əgər Vaşinqton və Moskva Ukraynanın iştirakı olmadan onun gələcəyini müəyyən etməyə çalışsalar, bu, yalnız Ukrayna üçün deyil, bütövlükdə beynəlxalq təhlükəsizlik sistemi üçün təhlükəli presedent yaradacaq...

Nəzərə almaq lazımdır ki, Demokratların Konqresdəki qələbəsi Trampın Putinlə danışıqlarda manevr imkanlarını məhdudlaşdıra bilər. Lakin onu bu siyasətdən tamamilə imtina etməyə məcbur etmək çətin olacaq. Putin artıq Tramp administrasiyasının Konqresdə ciddi müqavimətlə üzləşmədən qəbul etdiyi bütün qərarlara arxalana bilməyəcək. Ukraynaya dəstək və Rusiyaya qarşı sanksiyalar məsələsində Konqresin güclü siyasi iradə ortaya qoyma ehtimalı yüksəkdir.

ABŞ-da baş verənlər sadəcə Demokratlar və Respublikaçılar arasında növbəti seçki mübarizəsi deyil. Bu, Trampın prezidentlik modelinə, onun xarici siyasətinə və Amerika siyasi institutlarının gələcəyinə verilən ciddi siyasi reaksiyadır. Trampın əsas problemi Demokratların Konqresə nəzarəti ələ keçirməsi deyil. Onun əsas problemi odur ki, siyasi gücünün məhdudlaşdırılması artıq yalnız rəqiblərinin istəyi deyil, Amerika cəmiyyətinin əhəmiyyətli hissəsinin siyasi mesajına çevrilib.

Bununla belə, Trampı siyasi baxımdan artıq bitmiş hesab etmək də ciddi analitik səhv olardı. O, hələ iki il daha prezident olaraq qalacaq. O, hələ də veto hüququna və geniş icra səlahiyyətlərinə malikdir. Üstəlik, Demokratların seçki qələbəsi onların avtomatik olaraq vahid və effektiv siyasi strategiya formalaşdıracağı mənasına gəlmir.

Bundan sonra əsl maraqlı sual budur: Demokratlar Trampı tənqid etməklə kifayətlənəcəklər, yoxsa alternativ daxili və xarici siyasət modeli təklif edə biləcəklər? Hesab edirəm ki, ABŞ siyasətinin və 2028-ci il prezident seçkilərinin taleyini məhz bu sual müəyyən edəcək...

Söhbətləşdi: