Polşada NATO-nun 11 ölkəsinin iştirakı ilə Ukraynada beynəlxalq hərbi kontingentin yerləşdirilməsinə hazırlıq məqsədilə genişmiqyaslı hərbi təlimlər keçiriləcək.
Noyabrın 9-dan 22-dək davam edəcək təlimlərdə Belçika, Estoniya, Fransa, Almaniya, Litva, Niderland, Polşa, İspaniya, İsveç, Böyük Britaniya və Türkiyədən ümumilikdə 2800 hərbçi iştirak edəcək.
Təlimlərə ümumi rəhbərliyi Böyük Britaniya və Fransa həyata keçirəcək. London manevrlərə Quru Qoşunlarının 7-ci briqadasından 300 hərbçi, həmçinin qırıcı təyyarələr və yanacaqdaşıyan təyyarə göndərəcək.
Təlimlər Ukrayna üçün nəzərdə tutulan Çoxmillətli Qüvvələrin yaradılmasına hazırlıq çərçivəsində təşkil olunur. Avropa ölkələri bu kontingentin Ukraynada yerləşdirilməsini ölkənin təhlükəsizliyinə təminat mexanizmi kimi nəzərdən keçirirlər.
Böyük Britaniyanın müdafiə naziri Ues Stritinq bildirib ki, söhbət hipotetik plandan deyil, Ukraynaya yardım göstərməyə hazır olan real hərbi qüvvədən gedir.
Bununla belə, Avropa ölkələri kontingentin yalnız hərbi əməliyyatlar başa çatdıqdan və Kiyevin müraciətindən sonra Ukrayna ərazisinə daxil olacağını bəyan edirlər.