İndiyə qədər “Neftçi”nin azarkeşləri üzündən böyük məbləğdə cərimələr ödəməli olduğunu yazmışıq. Son vaxtlar artıq “Qarabağ”ın tərəfdarları da əzəli rəqibdən bu mənada geri qalmaq istəmir. Ona görə ki, “köhlən atlar” son 3 turda azarkeşləri üzündən maddi ziyan ilə üzləşib.
Azarkeşlər 8-ci turda “Neftçi”, 9-cu turda “Sabah” ilə oyunda rəqibin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirib. AFFA İntizam Komitəsi “Qarabağ”ı əvvəl 5 min, sonra bu hal 2-ci dəfə təkrarlandığı üçün daha 6 min manat cərimə edib. “Qarabağ” tərəfdarlarının “Sabah Arena”da sındırdığı 27 ədəd skamyaya görə stadiona dəymiş zərəri də ödəməli olub. Azarkeşlər 10-cu turda “Qəbələ”nin qonağı olduqları oyunda pirotexniki vasitədən istifadə edib. Bu qayda pozuntusu “köhlən atlar”ın 3 min manat itirməsinə səbəb olub. Hələ onu demirik ki, ağdamlılar “qırmızı-qaralar”la oyunda nə qol vurub, nə də qələbə qazanıb. Sən Allah, belədə pirotexniki vasitədən istifadə etməyə nə ehtiyac var idi?
Maraq üçün qeyd edək ki, həmin tərəfdarlar ilk 7 turda qaydalara əməl edib. Hər halda, hadisələrin axarı “Qarabağ” azarkeşlərinin “Neftçi” tərəfdarlarından daha çox qayda pozmasına gətirib-çıxaracaq. Kluba son 3 matçda 14 min manat ziyan vurmaq heç də dəstək əlaməti deyil...