Anar Əliyev: "8 ayda pensiyaların əvəzetmə əmsalı 50,8 % təşkil edib"

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda pensiyaların əvəzetmə əmsalı 50,8 % təşkil edib.

Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Milli Məclisin Əmək və sosial siyasət komitəsi ilə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin birgə iclasında "Dövlət sosial müdafiə fondunun 2027-ci il büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.

O qeyd edib ki, görülmüş tədbirlər nəticəsində 8 ayda orta aylıq pensiya ötən ilin eyni dövrü ilə müqayisədə 10,4 % artaraq 596 manata (o cümlədən yaşa görə orta aylıq pensiya 10 % artaraq 634 manata), orta aylıq əməkhaqqı isə 7,2 % artaraq 1 173 manata çatıb: "Beləliklə, əmək pensiyalarının orta məbləğinin orta aylıq əməkhaqqına nisbətini ifadə edən əvəzetmə əmsalı 50,8 %, yaşa görə pensiyalarda isə 54 % təşkil edib".

"Son 1 ildə müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları üzrə ümumi ödənişlər isə 8,4 % artaraq 1,9 milyard manat təşkil edib", - deyə nazir əlavə edib.