İcbari tibbi sığorta fondunun 2027-ci il üzrə xərclərinin 2 milyard 980 milyon manat olacağı proqnozlaşdırılır. Bu, 2026-cı ilin təsdiq edilmiş göstəricisindən 358,7 milyon manat və ya 13,7% çoxdur. Bu barədə 2027-ci ilin dövlət büdcəsi haqqında qanun layihəsində qeyd olunub.
Fondun gəlirləri gələn il 2 milyard 257 milyon manat təşkil edəcək. Bu, 2026-cı il üzrə təsdiq edilmiş gəlirlərdən 281,2 milyon manat və ya 14,2% çoxdur.
Fondun gəlirlərinin 50,6%-nin, yaxud 1 milyard 142 milyon manatının icbari tibbi sığorta haqları hesabına formalaşacağı gözlənilir. Bu daxilolmaların 63,4%-i qeyri-büdcə sektorunun payına düşəcək.
Əhalinin dövlət büdcəsi hesabına icbari tibbi sığortalanması üçün fonda 2027-ci ildə dövlət büdcəsindən 1,1 milyard manat ayrılması nəzərdə tutulur. Bu, cari ilin göstəricisindən 200 milyon manat və ya 22,2% çoxdur.
Bundan əlavə, fondun əvvəlki illərdə formalaşdırdığı ehtiyatlardan 723 milyon manatın gələn ilin xərclərinə yönəldilməsi planlaşdırılır.
Fondun xərclərinin 2 milyard 565 milyon manatı və ya 86,1%-i tibb müəssisələri üzrə icbari tibbi sığorta ödənişlərinə və əməkhaqqı xərclərinə ayrılacaq.
Növbəti ilin büdcəsində səhiyyə sahəsində dövlət proqramları və tədbirlər üçün 185 milyon manat, tibbi xidmətlərin inkişafı və təkmilləşdirilməsi, eləcə də rəqəmsal infrastrukturun qurulması üçün 105 milyon manat nəzərdə tutulur.
Həmçinin aptek təşkilatlarına ambulator şəraitdə istifadə olunan dərman vasitələrinə görə sığorta ödənişləri və əlilliyi olan şəxslərin dərman preparatları ilə təminatı üçün 59 milyon manat ayrılması planlaşdırılır.
Prezidentin 2026-cı il 19 mart tarixli fərmanına əsasən, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin əhalinin icbari tibbi sığortası sahəsində səlahiyyətləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilib.
Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin birləşdirilməsi yolu ilə Nazirliyin tabeliyində Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi yaradılıb. Yeni qurumun nizamnaməsi 2026-cı il iyunun 25-də təsdiq edilib.