İşsizliyə görə sığorta ödənişlərinə 36 milyon manat yönəldiləcək

2027-ci ildə İşsizlikdən Sığorta Fondunun xərclərinin 319,2 milyon manat olması proqnozlaşdırılır.

Bu, “İşsizlikdən Sığorta Fondunun 2027-ci il büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.

Sənədə əsasən, Fondun gələnilki gəlirləri 268,9 milyon manat nəzərdə tutulub. Fondun əvvəlki illərdən istifadə olunmamış vəsaitindən 50,3 milyon manatın da xərclərin maliyyələşdirilməsinə yönəldilməsi proqnozlaşdırılır.

Beləliklə, Fondun xərcləri 2026-cı ilin təsdiq edilmiş göstəricisi ilə müqayisədə 52,8 milyon manat və ya 19,82 faiz, 2025-ci ilin icra göstəricisi ilə müqayisədə isə 105,92 milyon manat və ya 49,66 faiz çox olacaq.

2027-ci ildə işsizlikdən sığorta haqları üzrə yığımların 267,2 milyon manat təşkil edəcəyi proqnozlaşdırılır. Bu, 2026-cı ilin təsdiq edilmiş göstəricisi ilə müqayisədə 30,6 milyon manat və ya 12,93 faiz, 2025-ci ilin icrası ilə müqayisədə isə 33,71 milyon manat və ya 14,44 faiz çoxdur.

Büdcədən maliyyələşən təşkilatlar və həmin təşkilatlarda işləyənlər tərəfindən ödəniləcək işsizlikdən sığorta haqları üzrə daxilolmaların 59,6 milyon manat olacağı gözlənilir. Daxilolmaların 207,6 milyon manatı və ya 78 faizi qeyri-büdcə sektorunun payına düşəcək.

Fondun vəsaitləri 2027-ci ildə əsasən aşağıdakı istiqamətlər üzrə xərclənəcək:

- İşsizliyə görə sığorta ödənişləri – 36 milyon manat;

- Peşə hazırlığı və əlavə təhsilin təşkili – 27,3 milyon manat;

- Peşəyönümü üzrə məsləhət xidmətləri – 1,6 milyon manat;

- Əmək yarmarkalarının və əmək birjalarının təşkili – 500 min manat;

- Haqqı ödənilən ictimai işlərin təşkili – 3,8 milyon manat;

- Özünüməşğulluq tədbirlərinin təşkili – 113 milyon manat;

- Sosial iş yerlərində işçilərin əməkhaqlarının bir hissəsinin maliyyələşdirilməsi – 7 milyon manat;

- Peşə standartlarının hazırlanması – 1 milyon manat;

- Müvafiq dövlət qurumunun və onun struktur bölmələrinin saxlanılması – 75 milyon manat;

- Əhaliyə sosial sahədə xidmətlərin təşkili – 50 milyon manat.

Bundan başqa, sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin məşğulluğunun təmin olunması üçün kvotadan əlavə iş yerlərinin yaradılmasına 1 milyon manat, sosial müəssisələrin yaradılması və məqsədli proqramların həyata keçirilməsinə 2 milyon manat, aktiv məşğulluq tədbirlərinə isə 1 milyon manat ayrılması nəzərdə tutulub.

Sənəddə 2027-ci il üzrə məşğulluq siyasətinin əsas prioritetləri də müəyyənləşdirilib. Bunlara regionlarda işsiz və işaxtaran şəxslər, xüsusilə gənclər üçün onlayn və hibrid təlimlərin təşkili, işğaldan azad edilmiş ərazilərə köçürülmüş iqtisadi fəal əhalinin məşğulluğunun təmin edilməsi, sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin məşğulluq tədbirləri ilə əhatə olunmasının genişləndirilməsi daxildir.

Eyni zamanda, qadınların aktiv məşğulluq tədbirləri ilə əhatə olunma səviyyəsinin artırılması, əmək bazarının tələblərinə uyğun peşə və kvalifikasiya standartlarının hazırlanması və yenilənməsi, özünüməşğulluq proqramının təkmilləşdirilməsi də prioritetlər sırasındadır.

Qeyd edək ki, İşsizlikdən Sığorta Fondunun 2027-ci il büdcəsi yanvarın 1-dən qüvvəyə minəcək.