“Əlindən tutub Şövkət xanımın yanına apardıqlarımın bir zənginə möhtac qaldım, yanıma gəlmədilər”-ÖZƏL

“Evlə bağlı problemim var. Bunu artıq bütün Azərbaycan bilir. Bu haqda danışmağı özümə ar bilirəm, amma buna məcburam. Məni qınamasınlar. Həqiqətən də evə ehtiyacım var. Mənə ev versələr də dövlətimə bağlı adamam, verməsələr yenə də dövlətimə bağlı adamam. Nə olar ki? Bütün dünyada kirayədə qalan insanlar var. Şəhid, qazi ailələrinə də sıra ilə mənzillər verirlər. Dövlətimə inanıram və güvənirəm ki, məni də mənzillə təmin edəcək”

Bunu açıqlamasında xəstə yatağında olan Əməkdar artist Firuzə İbadova deyib.

Sənətkar daha sonra onu ziyarət etməyən bəzi sənət yoldaşlarından danışıb:

“Çox insanların əlindən tutub Şövkət Ələkbərovanın yanına aparmışam. Onların sayı hədsizdir. Düzdür, yanıma gəlmədilər, amma mən onları yenə də çox istəyirəm. Allah onlara can sağlığı versin. Onlara sevgim azalmayıb. Sabah onlarla üz-üzə gəlsəm yenə də onları öpüb qucaqlayacam. Bu vəziyyətimdə belə onlara sağlıq arzulayıram. Heç olmasa bir zənglərinə möhtac qaldım. Məni həddindən artıq sevən xalq artistləri də var. Xalq artistləri Ceyran Haşımova, Nisə Qasımova, Alim Qasımov, Nazpəri Dostəliyeva, mənim əziz bacım Mətanət İsgəndərli və adlarını çəkmədiyim bir çox sənətkarlar vaxtaşırı zəng edir, yanıma gəlirlər” deyə o bildirib.

Firuzə İbadova bildirib ki, vaxtilə ustadı Şövkət Ələkbərova ona bu sənətdə baş çıxarmayacağı ilə bağlı sözlər deyib:

“Ustadım Şövkət xanım Ələkbərova mənə deyirdi ki, “gözəl, müğənnisən, səni çox sevirəm”. O mənə Firuzə demirdi, Firuzə xanım deyə müraciət edirdi. Mən çox utanırdım ki, o boyda böyük sənətkar mənə “xanım” deyə müraciət edir. Deyirdi ki, “mən sənə həm tələbəm, həm də iş yoldaşım kimi müraciət edirəm”. Mən filarmoniyaya, Ceyran Haşımovanın yanına Xalq artisti Nisə Qasımovanın dəstəyi ilə getmişəm.

Orada danışırdılar ki, “filarmoniyaya gözəl bir qız gəlib”. Şövkət xanım Əlibaba Məmmədova deyirdi ki, “heyif ki, bu qız sənətə gəldi”. Onlar da bilirdilər ki, bu sənət mənim yerim deyil. Şövkət xanım deyirdi ki, “kaş bu qız biri ilə evlənib ailə qursun, sənətdə olmasın”. Əlibaba müəllim bir dəfə mənə dedi ki, “gedər bu gözəllik sənə də qalmaz”. Şövkət xanımdan soruşurdum ki, mən gözələm? Deyirdi ki, “sən çox gözəlsən, amma bu sənət sənin yerin deyil”. Bu gün həqiqətən də onların dediyi ilə razılaşıram. Bu sənətə gələndə gərək üzlü olasan, yalandan tərifləməyi bacarasan, hər qapıdan içəri girməyin yollarını axtarıb tapasan. Bu zaman sənətdə irəliləmək də asan olur. Sənət bu cür insanları sevir” deyə əməkdar artist bildirib.