Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) investisiya portfeli daha çox balanslaşdırılıb.
Bunu Fondun İcraçı direktoru İsrafil Məmmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında – 2027-ci ilin büdcə zərfinin müzakirəsində bildirib.
Onun sözlərinə görə, Azərbaycan və Norveç fondlarının mandatlarını, qarşılarına qoyulan vəzifələri və risk götürmə qabiliyyətlərini nəzərə almadan onlar arasında müqayisə aparmaq düzgün deyil: “ARDNF-in mandatı həm uzunmüddətli sərvətin qorunmasını, yəni yığım funksiyasını, həm də dövlətin maliyyə ehtiyacları ilə bağlı öhdəliklərin yerinə yetirilməsini nəzərdə tutur. Fond, bildiyiniz kimi, qeyri-neft kəsirinin maliyyələşdirilməsini təmin edir. Norveç Fondu isə əsasən yığım funksiyasını həyata keçirir. Bu fərq, öz növbəsində, hər iki fondun investisiya siyasətində də öz əksini tapır.
Norveç Fondunun investisiya portfelində səhmlərin payı olduqca yüksəkdir. Təbii ki, səhmlər uzun müddət ərzində gəlirliliyi təmin etsə də, qısa müddətdə kifayət qədər volatilliyə malik maliyyə aktivləridir. ARDNF isə daha balanslaşdırılmış investisiya portfeli formalaşdırıb. Burada səhmlərlə yanaşı, istiqrazlar, qızıl, daşınmaz əmlak və digər aktivlər də öz əksini tapıb. Son 5 ildə qızılın təsiri istisna olmaqla, ARDNF-in orta illik gəlirliliyi 5%, Norveç Fondunun orta illik gəlirliliyi isə 8,7 % təşkil edib. Eyni zamanda, 2022-ci ildə, böhran ilində ARDNF-in zərəri 6 %, Norveç Fondunun zərəri isə 14 % təşkil edib”.