Əlillik təyinatından razı qalmayan şəxslər yenidən müayinədən keçə bilərlər - QAYDA

Azərbaycanda əlilliyin müəyyən edilməsi ilə bağlı qərardan razı qalmayan vətəndaşların yenidən müraciət etmək və tibbi müayinədən keçmək hüququ var. Həm əlillik təyinatından imtina alan, həm də müəyyən edilmiş əlillik faizini sağlamlıq vəziyyətinə uyğun hesab etməyən şəxslər bu hüquqdan istifadə edə bilərlər.

Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin Tibbi-Sosial Ekspertiza xidmətinin təşkili departamentinin müdir müavini İlkin Yusifov deyib.

Onun sözlərinə görə, vətəndaşlar bu məqsədlə ərazi üzrə tibbi-sosial ekspertiza komissiyalarına müraciət edə və ya DTSERA.gov.az saytı vasitəsilə onlayn növbə götürərək aidiyyəti quruma üz tuta bilərlər.

"Müraciətlərin araşdırılması zamanı vətəndaşın sağlamlıq vəziyyəti əyani şəkildə qiymətləndirilir, zəruri laborator və instrumental müayinələr aparılır. Əldə olunan nəticələr əsasında müvafiq qərar qəbul edilir.

Əgər aparılan müayinələr şəxsin əlillik hüququnun olduğunu təsdiqləyərsə, qanunvericiliyə uyğun prosedurlardan sonra ona əlillik təyin edilə bilər.

Eyni zamanda, vətəndaşın əvvəlki qərarla müəyyən edilmiş əlillik faizinin onun real sağlamlıq vəziyyətinə uyğun olmadığı müəyyənləşdirilərsə, qiymətləndirmə nəticələrinə əsasən müvafiq faiz göstəricisi dəyişdirilə bilər".

Tural Qurbanov əlavə edib ki, diqqətçəkən məqamlardan biri də müraciət üçün konkret vaxt məhdudiyyətinin olmamasıdır:

"Yəni əlillik təyinatından imtina alan vətəndaş razı qalmadığı qərarla bağlı yenidən müraciət edə bilər.

Əlilliyin ilkin qiymətləndirilməsi üçün vətəndaş ilk növbədə ərazi poliklinikasına müraciət etməlidir. Həkim Məsləhət Komissiyası tibbi göstərişləri müəyyən etdikdən sonra zəruri hesab edərsə, elektron sistem vasitəsilə Forma 88 göndərişi rəsmiləşdirilir.

Göndəriş elektron sistemə daxil olduqdan sonra adsızlaşdırılır və tibbi-sosial ekspertiza komissiyalarına yönləndirilir. Bu mexanizm qiymətləndirmənin vətəndaşın kimliyindən, yaşadığı ərazidən və göndərişi hazırlayan tibb müəssisəsindən asılı olmadan, tibbi sənədlər əsasında aparılmasına xidmət edir".