Baş verənlər “Çernobıl” faciəsini xatırladacaq...

Süni intellektin nəzarətsiz inkişafı yaxın gələcəkdə elektrik təchizatında genişmiqyaslı fasilələrə, maliyyə sistemində böhrana və kütləvi işsizliyə səbəb ola bilər.

Bu barədə Nobel mükafatı laureatı, kompüter alimi Ceffri Hinton “The Guardian” qəzetinə müsahibəsində bildirib.

Alimin fikrincə, belə böhranlar bu ilin sonlarında və ya 2027-ci ildə baş verə bilər. O, mümkün fəsadları “Çernobıl” faciəsi ilə müqayisə edib və süni intellektin gəlir bərabərsizliyini daha da dərinləşdirəcəyini vurğulayıb.

“Süni intellekt heç yaradılmasaydı, daha yaxşı ola bilərdi”, – deyə Hinton bildirib.

O, süni intellekt modellərinin istifadəyə verilməzdən əvvəl müstəqil qurumlar tərəfindən yoxlanılmasını, eləcə də beynəlxalq əməkdaşlıq və məcburi təhlükəsizlik qaydalarının tətbiqini zəruri hesab edir.

Qeyd edək ki, Hinton daha öncə süni intellekt üzərində nəzarəti tamamilə itirməzdən əvvəl zəruri təhlükəsizlik tədbirlərini həyata keçirmək üçün cəmi bir il vaxt qaldığını açıqlamışdı.