Bakıda yanğın və xilasetmə idmanı üzrə kişilər arasında XXI, qadınlar arasında isə XII dünya çempionatının mükafatlandırma mərasimi keçirilib.
Bakı İdman Akademiyasının stadionunda təşkil olunan yarışların proqramına uyğun olaraq, hücum nərdivanı ilə qalxma növü üzrə kişilər arasında yarımfinal və final, qadınlar arasında isə final mərhələsi baş tutub.
Yarışların nəticələrinə əsasən, kişilər arasında bütün mükafatçı yerləri Rusiya idmançıları tutublar.
Qadınların mübarizəsində isə Rusiya təmsilçiləri birinci və üçüncü, Belarus idmançısı ikinci yeri tutub.
Qalib və mükafatçılara medalları Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov və Yanğınsöndürənlərin və Xilasedicilərin Beynəlxalq İdman Federasiyasının prezidenti Aleksandr Çuprian təqdim ediblər.
Mükafatlandırma mərasimində qalib ölkələrin dövlət himnləri səsləndirilib.
Qeyd edək ki, çempionat çərçivəsində idmançılar dörd növ üzrə mübarizə aparırlar: hücum nərdivanı ilə tədris qülləsinin ikinci və dördüncü mərtəbələrinə qalxma, 100 metr məsafəyə maneəli qaçış, 4x100 metr məsafəyə yanğın estafeti və döyüş açılışı.