Tramp uduzdu: Ukrayna və İran siyasəti dəyişəcək?

Amerikada respublikaçıların qanunverici orqanda, həm də hər iki palatada, o cümlədən ştat qubernatorları seçimində məğlubiyyəti və demokratların böyük üstünlüklə qələbəsi ölkənin xarici siyasətində müxtəlif istiqamətlərdə mühüm dəyişikliklər məsələsini gündəmə gətirib. Hər kəs seçkilərdən sonra ABŞ-ın xarici siyasətində nələrin dəyişəcəyini maraqla gözləyir.

Bu sözləri politoloq Heydər Oğuz Axar.az-a açıqlamasında ABŞ-da keçirilən aralıq seçkilərin nəticələrini şərh edərkən deyib.

Ekspert vurğulayıb ki, seçkilərdə respublikaçıların uduzmasından sonra da ABŞ-ın İran siyasətində ciddi dəyişiklik olacağını gözləmir:

“ABŞ İrana qarşı “İraq ssenarisi” tətbiq edir. İraq ssenarisi nədir? Müharibəni mərhələlərə bölmək. Bilirsiniz ki, İraqla bağlı 2 müharibə olub. Birinci Körfəz müharibəsində İraq tamamilə gücdən salındı, daha doğrusu, iqtisadi cəhətdən sarsıdıldı və ona embarqolar tətbiq olundu. 13 ildən sonra isə Amerika İraqa daxil oldu. Yəni ikinci mərhələ həyata keçirildi.

Eyni ssenarini İranda da tətbiq edilir. İranla bağlı Amerika birinci mərhələdə artıq istədiyinə nail olub. İranın iqtisadi resurslarını böyük ölçüdə məhv edib. İraqa tətbiq etdiyi embarqolar kimi, İrana qarşı da sanksiyalar artırılıb və bu siyasət davam edəcək”.

Politoloqun sözlərinə görə, seçkilərdən sonra ABŞ xarici siyasətində ən ciddi dəyişiklik Ukrayna istiqamətində gözlənilir:

“Tramp Rusiya ilə müəyyən iqtisadi əlaqələr qurmaq, onun təbii sərvətlərindən yararlanmaq istəyirdi. İndi isə demokratlar buna imkan verməyəcək və Ukrayna ciddi şəkildə dəstəklənəcək. Rusiyaya qarşı mübarizədə Kiyevə hər cür yardım göstəriləcək”.

Heydər Oğuz qeyd edib ki, bizim üçün ən ciddi məsələ seçkilərdən sonra ABŞ-ın Cənubi Qafqaz siyasətinin necə olacağıdır:

“Bizim üçün vacib olan “Tramp yolu” adlandırılan Zəngəzur yolu layihəsinin həyata keçirilməsidir. Nəzərə alaq ki, Tramp hələ 2 il də prezident vəzifəsini icra edəcək, eyni zamanda, demokratların da TRİPP layihəsinə qarşı fikirlər səsləndirdiyi müşahidə olunmayıb. Buna görə də iqtisadi-siyasi baxımdan ABŞ-ın maraqlarına uyğun olan bu layihənin davam edəcəyi gözləniləndir”.