Bakı, 4 noyabr, AZƏRTAC Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) 8 Noyabr - Zəfər Günü münasibətilə “8 Noyabr - Tarix yazanlar, zəfər qazananlar günü” adlı mühazirə təşkil olunub. Kitabxanadan AZƏRTAC-a bildirilib ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edən MEK-in direktoru texnika elmləri doktoru Hüseyn Hüseynov 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbənin əhəmiyyətindən danışıb. O, Zəfərin hərbi Qələbə olmaqla yanaşı, milli birliyin, xalq-dövlət həmrəyliyinin və Prezident İlham Əliyevin uzaqgörən siyasətinin təzahürü olduğunu vurğulayıb. Direktor tarixi Qələbənin yaddaşlarda yaşadılması və gələcək nəsillərə dolğun şəkildə çatdırılmasının Mərkəzi Elmi Kitabxananın əsas vəzifələrindən biri olduğunu bildirib. Daha sonra MEK-in Gənc Alimlər və Mütəxəssislər Şurasının sədr müavini, Sənədlərlə iş şöbəsinin baş mütəxəssisi, Azərbaycan Dövlət İqtisad Universitetinin doktorantı Könül Hüseynova “Tarixi Zəfərdən innovativ gələcəyə addımlayan Azərbaycan gəncliyi” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə Zəfər Gününün Azərbaycan xalqının müasir tarixindəki yeri, Vətən müharibəsində Qələbənin milli birlik, dövlətçilik iradəsi və vətənpərvərlik ruhunun təcəssümü olduğu diqqətə çatdırılıb. Həmçinin tarixi yaddaşın qorunması, milli-mənəvi dəyərlərin gələcək nəsillərə ötürülməsi və bu prosesdə gənclərin məsuliyyəti vurğulanıb. Tədbirdə çıxış edən “Şəhid Analarına dəstək” İctimai Birliyinin sədri, Aprel döyüşlərində şəhid olmuş Əbdülməcid Axundovun anası Ceyran Axundova torpaqlarımızın azad edilməsi xəbərini eşidəndə şəhidlərin qanının yerdə qalmadığını hiss etdiyini bildirib. O, Aprel döyüşlərinin tarixi Zəfərə aparan yolda mühüm mərhələ olduğunu vurğulayaraq deyib: “Əbdülməcidin məzarı üstündə and içmişdim ki, əgər torpaqlarımız azad olunsa, bir də ağlamayacağam”. C.Axundova oğlunun hərbi xidmət zamanı göstərdiyi şücaət, mərdlik və vətənpərvərlikdən bəhs edən “Savaşçı” kitabını MEK-ə hədiyyə edib. Vətən müharibəsi şəhidi Kamran Qasımovun anası Nailə Qasımova isə ailələrinin müxtəlif dövrlərdə Vətənin müdafiəsi uğrunda altı şəhid verdiyini diqqətə çatdırıb. Bu itkilərin ailələri üçün böyük ağrı olduğunu bildirən şəhid anası onların eyni zamanda Vətənə bağlılığın və fədakarlığın nümunəsi olduğunu qeyd edib. Azərbaycan Silahlı Qüvvələrində 23 il xidmət etmiş, Xüsusi Təyinatlı Qüvvələrin zabiti, qazi Ədalət Məmmədov çıxışında Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışının Azərbaycan dövlətçiliyinin qorunmasında və sonrakı tarixi Qələbənin əldə olunmasında mühüm rol oynadığını vurğulayıb. O, Ulu Öndərin müstəqil Azərbaycanın siyasi, iqtisadi və beynəlxalq mövqelərini gücləndirməklə gələcək Zəfərin əsaslarını formalaşdırdığını bildirib. Silahlı Qüvvələrdə 12 il xidmət etmiş, Xüsusi Təyinatlı Qüvvələrin zabiti, qazi Elvin Vəliyev də Mərkəzi Elmi Kitabxananın Azərbaycanın Zəfər tarixinin, şəhid və qazilərin qəhrəmanlığının təbliği istiqamətində fəaliyyətini yüksək qiymətləndirib.Qazi Ülvi Qurbanov çalışdığı təhsil müəssisəsində şagirdlərə idmanla yanaşı, mənəvi dəyərlərin, psixoloji dözümlülüyün və vətənpərvərlik hissinin aşılanmasının əhəmiyyətindən danışıb. Vətən müharibəsi şəhidi Elşən Müslümovun anası Şövqiyyə Müslümova torpaqlarımızın azadlığı uğrunda qazanılan Qələbədə oğlunun da payının olmasından qürur duyduğunu ifadə edib. Şəhid Samir Paşayevin anası Gültəkin Paşayeva oğlunun həm təhsili, həm də döyüş meydanında göstərdiyi qorxmazlığı ilə hər kəsə nümunə olduğunu bildirib və “Vətən səninlə fəxr edir” kitabını kitabxanaya hədiyyə edib. Tədbirdə Qarabağ Müharibəsi Qəhrəmanları Fondunun rəhbəri Röksanə Səfərzadə şəhid qardaşı Babək Səmidlinin həyat və döyüş yolundan, hərbi əməliyyatlar zamanı göstərdiyi igidliklərdən bəhs edib. O, Qələbənin əldə olunmasında payı olan bütün şəhidlərin xatirəsinin daim ehtiramla yad ediləcəyini vurğulayıb. Mühazirə çərçivəsində MEK-də könüllü kimi fəaliyyət göstərən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbəsi Mehriban Əhmədova “Qalibiyyət dastanı” adlı şeirini səsləndirib. Tədbir iştirakçıları, həmçinin Vətən müharibəsində qazanılmış Qələbəni və onun Azərbaycan dövlətçiliyinin inkişafında açdığı yeni mərhələni əks etdirən kitab sərgisi ilə tanış olublar. Sonda şəhid ailələrinin üzvləri və qazilər Qarabağ Müharibəsi Qəhrəmanları Fondunu ziyarət ediblər.