Bakı, 4 noyabr, AZƏRTAC Noyabrın 4-də Yeni Azərbaycan Partiyası (YAP) və “Modern İnkişaf və Ailə” İctimai Birliyinin birgə təşkilatçılığı ilə YAP Veteranlar Şurasının üzvü Zərifə Quliyevanın müəllifi olduğu “Qəhrəmanlıq zirvəsi” kitabının təqdimat mərasimi keçirilib.AZƏRTAC xəbər verir ki, tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, sonra Dövlət Himni səsləndirilib.Çıxış edən Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Hikmət Məmmədov bildirib ki, müasir müstəqil Azərbaycan Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyası əsasında, Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edir. O vurğulayıb ki, tarixi Zəfər bu inkişaf yolunun ən möhtəşəm nailiyyətidir. YAP İdarə Heyətinin üzvü, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova çıxışında Azərbaycanın iqtisadi, siyasi və hərbi qüdrətinin artdığını, ərazi bütövlüyü və suverenliyinin tam bərpa olunduğunu xatırladıb. O qeyd edib ki, 2020-ci il Vətən müharibəsində qazanılan tarixi Zəfər və 2023-cü ildə suverenliyin tam təmin edilməsi dövlətçilik strategiyasının məntiqi nəticəsidir. YAP Veteranlar Şurası sədrinin müavini Əli Həsənov isə 44 günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və Azərbaycan Ordusunun əzmi sayəsində qazanılan şanlı Zəfərin 30 illik həsrətə son qoyaraq dövlətçilik tariximizin ən parlaq səhifəsinə çevrildiyini bildirib. O, Ümummilli Lider Heydər Əliyevin zəngin dövlətçilik irsinin Azərbaycanın inkişafının əsas dayaqlarından biri olduğunu vurğulayıb, “Qəhrəmanlıq zirvəsi” kitabının xalqımızın həmrəyliyini və milli dövlətçilik dəyərlərinə sədaqətini əks etdirən dəyərli nəşr olduğunu qeyd edib.Təqdimat mərasimində Azərbaycan Jurnalistlər Birliyinin üzvü, kitabın redaktoru Əliqismət Bədəlov, AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun Politologiya və siyasi sosiologiya şöbəsinin müdiri, professor Rəna Mirzəzadə, filologiya üzrə fəlsəfə doktoru, yazıçı-publisist Şərəf Cəlili, Birinci Qarabağ müharibəsi şəhidləri Natiq və Azər Novruzovun anası Lətifə Novruzova, Vətən Müharibəsi Qəhrəmanı, polkovnik-leytenant Zaur Hüseynov da çıxış ediblər.Çıxışlarda 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərin Azərbaycan xalqının iradəsinin və dövlətimizin qüdrətinin təcəssümü olduğu vurğulanıb. Bildirilib ki, hərb meydanında əldə edilən uğurlar diplomatik müstəvidə və informasiya cəbhəsində qazanılan nailiyyətlərlə tamamlanıb. Şəhidlərin fədakarlığının gələcək nəsillər üçün örnək olduğu, onların xatirəsinin xalqımızın yaddaşında əbədi yaşayacağı qeyd edilib. YAP Veteranlar Şurasının üzvü, “Modern İnkişaf və Ailə” İctimai Birliyinin sədri Zərifə Quliyeva nəşrin şəhidlərin əziz xatirəsinə və qazilərin qəhrəmanlıq yoluna həsr olunduğunu, bu qəhrəmanlıq salnaməsinin arxasında Azərbaycanın tarixi Zəfərinin, milli birliyinin və güclü dövlətçilik iradəsinin dayandığını vurğulayıb. Zərifə Quliyeva 2020-ci il noyabrın 8-də Şuşanın azad olunmasının elan edilməsinin Azərbaycan xalqının tarixinə əbədi həkk olunduğunu qeyd edərək, bu hadisənin 44 günlük Vətən müharibəsində Qələbənin rəmzinə çevrildiyini bildirib. Tədbirin rəsmi hissəsi Yeni Azərbaycan Partiyasının himninin səsləndirilməsi ilə başa çatıb.Sonda tədbirin bədii hissəsi təqdim olunub.