Bakı, 4 noyabr, AZƏRTAC Müxtəlif ölkələri təmsil edən çoxsaylı xarici şirkətlərin, investorların və iş adamlarının sərgidə iştirakı Azərbaycanın beynəlxalq biznes dairələri üçün cəlbedici məkana çevrildiyini göstərir. Bu marağın əsas səbəblərindən biri ölkəmizdə mövcud olan siyasi və iqtisadi sabitlik, həyata keçirilən genişmiqyaslı inkişaf layihələri və əlverişli investisiya imkanlarıdır.Bunu AZƏRTAC-a açıqlaması zamanı Milli Məclisin deputatı Vüqar İskəndərov “AIREX 2026” - Birinci Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak Sərgisində bildirib. Deputat qeyd edib ki, hazırda xüsusilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında böyük tikinti, bərpa və quruculuq işləri həyata keçirilir. “Bu ərazilər genişmiqyaslı infrastruktur layihələri, yaşayış məntəqələrinin yenidən qurulması və müasir şəhərsalma konsepsiyalarının tətbiqi baxımından beynəlxalq şirkətlərin diqqətini cəlb edir. Azərbaycan işğaldan azad edilmiş əraziləri öz gücü və maliyyə imkanları hesabına yenidən qurur, burada “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyalarına əsaslanan yaşayış məntəqələri, müasir nəqliyyat və sosial infrastruktur yaradır. Bu proses ölkəmizin iqtisadi potensialını, quruculuq imkanlarını və gələcəyə hesablanmış inkişaf strategiyasını nümayiş etdirir. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən layihələrdə xarici şirkətlərin iştirakına marağın artması beynəlxalq əməkdaşlıq üçün yeni imkanlar yaradır”, - deyə Vüqar İskəndərov vurğulayıb. Müəllif-Vüqar Qurbanoğlu Fotoqraf-Səfiyar Məcnun Videooperator-Şövqi Əzizov