Hörmətli cənab Prezident!

Sizi 8 Noyabr – Zəfər Günü münasibətilə səmimi-qəlbdən təbrik edir, Azərbaycan xalqına yaşatdığınız tarixi Qələbəyə və ölkəmizin ərazi bütövlüyünün, suverenliyinin bərpası istiqamətində göstərdiyiniz fəaliyyətə görə dərin minnətdarlığımı bildirirəm.

2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsi xalqımızın birliyini, ordumuzun gücünü, əsgər və zabitlərimizin qəhrəmanlığını bütün dünyaya nümayiş etdirdi. Bu tarixi Zəfər Azərbaycan dövlətçiliyinin şanlı səhifələrindən birinə çevrildi.

Müzəffər Ali Baş Komandan kimi qətiyyətli rəhbərliyiniz, siyasi iradəniz və Azərbaycan Ordusunun qəhrəmanlığı nəticəsində torpaqlarımız işğaldan azad edildi. Bu gün azad edilmiş ərazilərimizdə həyata keçirilən bərpa və quruculuq işləri, Böyük Qayıdış prosesi xalqımızın gələcəyə olan inamını daha da möhkəmləndirir.

Bir gənc və ölkəsinin gələcəyinə töhfə verməyi qarşısına məqsəd qoymuş vətəndaş kimi Zəfər tariximizin gənc nəsil üçün daşıdığı mənəvi əhəmiyyəti xüsusi qeyd edirəm. Biz gənclər üçün bu Qələbə yalnız tarixi hadisə deyil, həm də vətənpərvərlik, milli birlik, məsuliyyət və dövlətə sədaqət nümunəsidir.

Hörmətli cənab Prezident, Azərbaycan xalqına yaşatdığınız Zəfər sevincinə, ölkəmizin inkişafı və gələcək nəsillər üçün yaratdığınız imkanlara görə Sizə təşəkkür edirəm.

Allah şəhidlərimizə rəhmət eləsin!

Yaşasın müstəqil, suveren və qalib Azərbaycan!

Hörmətlə,

Səid Əmrahlı,

Azərbaycan Respublikası, Bakı şəhəri.