Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus Azərbaycanda keçirilən 3-cü Beynəlxalq Sağlamlıq Turizmi Konfransına videomüraciət ünvanlayıb.
O, çıxışında konfransa dəvətə görə Azərbaycan hökumətinə təşəkkür edib və sağlamlıq turizminin dünyada getdikcə genişləndiyini vurğulayıb.
ÜST rəhbəri bildirib ki, insanlar tibbi xidmət, reabilitasiya və sağlamlıq xidmətlərindən yararlanmaq üçün getdikcə daha çox ölkələr arasında səyahət edirlər. Bu tendensiya yeni imkanlar yaratmaqla yanaşı, mühüm məsuliyyətlər də doğurur.
Onun sözlərinə görə, sağlamlıq turizminin inkişafında insanların sağlamlığı və təhlükəsizliyi əsas prioritet olmalıdır. Bunun üçün tibbi xidmətlərin keyfiyyəti, güclü tənzimləmə mexanizmləri, müvafiq hazırlıq keçmiş tibb işçiləri, eləcə də pasiyentlərin düzgün qərar verməsinə imkan yaradan aydın və dəqiq məlumatlandırma təmin edilməlidir.
Tedros Adhanom Qebreyesus xüsusilə tibbi xidmətlərdən sonra pasiyentlərə göstərilən diqqətin əhəmiyyətini qeyd edib. O bildirib ki, müalicə prosesi klinikadan ayrılmaqla başa çatmır. Pasiyentlərin sonrakı tibbi müşahidə və müalicə ehtiyaclarının qarşılanması üçün klinikalar, xidmət təminatçıları və səhiyyə sistemləri arasında əməkdaşlıq vacibdir.
Baş direktor əlavə edib ki, sağlamlıq turizminin idarə olunması elə qurulmalıdır ki, bu sahənin inkişafı milli səhiyyə sistemlərinin məqsədlərinə xidmət etsin, mövcud investisiya resurslarını və dövlət siyasətinin diqqətini digər vacib istiqamətlərdən yayındırmasın.
O, bu məsələlərin konfrans çərçivəsində müzakirə olunmasından məmnunluğunu ifadə edib, Azərbaycanın səhiyyə və turizm sektorları arasında əməkdaşlığın gücləndirilməsi istiqamətindəki səylərini alqışlayıb və iştirakçılara uğurlu müzakirələr arzulayıb.
Qeyd edək ki, Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə noyabrın 4-5-də Bakıda 3-cü Beynəlxalq Sağlamlıq Turizmi Konfransı keçirilir.