Azərbaycanın Türkiyədə ticarət nümayəndəsinin ofisinin Ankarada təşkil etdiyi görüşlərdə ölkəmizə yatırım fürsətləri haqqında məlumat verilib, işbirliyinə dair müzakirələr aparılıb.
Azərbaycanın biznes və investisiya mühitinin Türkiyədə təşviqi və yeni əməkdaşlıqların qurulması istiqamətində görülən işlər çərçivəsində Ankarada potensial investorların iştirakı ilə görüşlər təşkil olunub.
Azərbaycanın Türkiyədə ticarət nümayəndəsinin ofisinin Müstəqil Sənayeçi və İş Adamları Dərnəyi (MÜSİAD) ilə birgə təşkil etdiyi “Azərbaycana investisiya: təşviqlər və dəstək mexanizmləri” mövzusunda görüşdə ticarət nümayəndəsi Tamerlan Tağıyev və MÜSİAD-ın Ankara filialının sədri Fatih Bilal Yülek çıxış ediblər. Azərbaycana yatırım fürsətləri barədə məlumat verilib, ölkələrimiz arasında işgüzar münasibətlərin daha da gücləndirilməsinin önəmi vurğulanıb. Görüş çərçivəsində iştirakçılar üçün ölkəmizdə işgüzar mühit, təqdim olunan güzəşt və təşviq mexanizmləri barədə təqdimat keçirilib, iş adamlarının sualları cavablandırılıb.
İstehsala Əlavə Dəyər Qatanlar Dərnəyi (ÜKSAD) ilə birgə təşkil olunan görüşdə də ölkəmizdə sərmayədarlar üçün yaradılan imkanlar haqqında məlumat verilib, iştirakçıların sualları cavablandırılıb, mümkün tərəfdaşlıq istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb.