“bp” Azərbaycanda işçilərinin sayını azaldıb

Böyük Britaniyanın neft-qaz sektorunda fəaliyyət göstərən “bp” şirkətinin Azərbaycanda çalışan yerli işçilərinin sayı son bir ildə 76 nəfər azalıb.

2026-cı ilin üçüncü rübünün sonuna şirkətdə çalışan Azərbaycan vətəndaşlarının sayı 2 313 nəfər təşkil edib. Bu göstəriciyə müddətli əmək müqaviləsi əsasında çalışan işçilər də daxildir.

2025-ci ilin sentyabr ayının sonunda “bp”nin yerli işçilərinin sayı 2 389 nəfər idi. Beləliklə, bir il ərzində şirkətin Azərbaycan vətəndaşı olan işçilərinin sayı 76 nəfər və ya 3,2% azalıb.

Azalma son rübdə də davam edib. Belə ki, 2026-cı ilin iyun ayının sonunda şirkətdə 2 363 yerli işçi çalışdığı halda, sentyabrın sonunda onların sayı 50 nəfər və ya 2,1% azalıb.

Şirkətin məlumatına əsasən, 2018-ci ilin ortalarından etibarən Azərbaycandakı ixtisaslı işçilərinin 90%-ni milli kadrlar təşkil edir. İxtisas tələb etməyən vəzifələrdə çalışanların isə hamısı Azərbaycan vətəndaşlarıdır.

“bp” yerli kadr potensialının inkişaf etdirilməsi, təlim proqramlarının təkmilləşdirilməsi və yüksək ixtisaslı mütəxəssislərin hazırlanması məqsədilə dövlət və özəl sektorla əməkdaşlığını davam etdirməyi planlaşdırır.