Müxalifətə 6 milyon ayrılır - "YAP-ın birillik büdcəsi 26 partiyaya ayrılan puldan çoxdur"

2027-ci ildə siyasi partiyaların fəaliyyətinin maliyyələşdirilməsi üçün dövlət büdcəsində 6 milyon manat nəzərdə tutulur. Bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirə olunan 2027-ci ilin dövlət büdcəsi layihəsinə dair materiallarda bildirilib. Vəsait VII çağırış Milli Məclisin deputatlarının təmsil etdikləri siyasi partiyaların maliyyələşdirilməsinə yönəldiləcək. Həmçinin parlament seçkilərində etibarlı səslər qazanmış, lakin Milli Məclisdə təmsil olunmayan partiyaların fəaliyyətinin maliyyələşdirilməsi də nəzərdə tutulur. Siyasi təşkilatlara büdcədən ayrılan vəsaitin az olduğunu deyənlər də var. Lakin partiyaların fəaliyyətinin zəif olduğunu əks arqument kimi söyləyənlər az deyil. Yəni partiyalar ölkənin ictimai-siyasi həyatında ciddi təsir imkanına malik deyil.

Onlar hökumətə hər hansı təkliflər verirmi? Partiyalar ölkənin problemləri ilə bağlı konkret qanun layihələri və təkliflər hazırlayırlarmı? Regionlarda təşkilatlanma, vətəndaşlarla görüşlər və ictimai müzakirələr keçirirlərmi?

Ağ Partiya başqanı Tural Abbaslı Musavat.com-da məsələyə bu cür şərh verdi: “Partiyaların maliyyələşməsi məsələsinə gəlincə, 6 milyon manat ayrılıb. Bəlkə də kimlər üçünsə bu məbləğ çox görünə bilər, amma həmin vəsait 26 partiya üçün nəzərdə tutulub. Onlardan 11-i parlamentdə təmsil olunur və ayrılan məbləğin 90–95 faizi parlament partiyalarına yönəldilir. Qalan hissə isə parlamentdə təmsil olunmayan partiyalar üçündür. Partiya işindən xəbəri olanlar bilərlər ki, bu məbləğ nəinki azdır, əksinə, bu qədər partiya üçün ayrılan vəsait hətta gülünc səslənə biləcək qədər azdır".

T.Abbaslı dedi ki, Yeni Azərbaycan Partiyasının birillik büdcəsi dövlət büdcəsindən 26 partiyaya ayrılan vəsaitdən dəfələrlə çoxdur: "Ayrılan 6 milyon manatın elə 2 milyonu Yeni Azərbaycan Partiyasına verilir. Əgər normal fəaliyyətdən söhbət gedirsə, bu, minimumdur. Məsələn, partiyalar seçkilərdə iştirak etmək üçün formalaşır, çünki hakimiyyətə gəlməyin yeganə yolu seçkilərdir. Seçkilərə uyğun olaraq partiyaların strukturu da formalaşdırılır. Ölkədə, orta hesabla götürsək, 75-ə yaxın rayon və inzibati ərazi vahidi var. Partiyaların hər bir inzibati ərazi vahidində təşkilatları, üzvləri və onları bir araya gətirən yerli qurumları olur. Fikirləşin, çox yox, hər rayonda bir qərargah nəzərdə tutaq. Amma elə rayonlar var ki, orada 100-ə yaxın kənd yerləşir və ərazi böyükdür. Belə rayonlarda bəzən iki-üç qərargah da lazım ola bilər. Tutaq ki, hər rayonda bir qərargah var. Bir qərargahın aylıq kirayə xərcini hesablayın. Üstəlik, həmin qərargahda daimi fəaliyyət göstərəcək ən azı üç nəfəri nəzərə alın. Məsələn, təmizlik işlərinə baxan bir nəfər, texniki və sənədləşmə işlərini görən bir nəfər, bir də sədri. Hələ çox adamdan danışmıram. Bu məbləği 72-yə, sonra da 12-yə vurun və görün, partiyaların normal fəaliyyəti üçün nə qədər vəsait lazımdır, dövlət isə nə qədər ayırıb. Bu məsələ müzakirə olunmalıdır. Müxalifət partiyalarının fəaliyyətinə gəlincə, digərləri barədə deyə bilmərəm, amma bizim Ağ Partiyanın Azərbaycandakı fəaliyyətini, siyasi proseslərdə və müzakirələrdə iştirakını, partiya strukturlarının və rəhbərliyinin cəmiyyətə verdiyi töhfələri ölçsək, partiyamızın fəaliyyəti əslində milyonlarla manat dəyərindədir. Ağ Partiya polemikalarda, müxtəlif siyasi məsələlərin müzakirələrində iştirak edir, təkliflər verir. Amma bu təkliflərə qulaq asan varmı? Onları müzakirə edən varmı? Parlamentdə bu məsələlərə necə yanaşılır? Düşünürəm ki, müxalifət partiyalarının, real müxalifət partiyalarının, özünü müxalifət adlandıran partiyaların apardığı mübarizə, gördüyü iş sırf fədakarlıq üzərində qurulub. Bunun fədakarlıqdan başqa adı yoxdur. Çünki ciddi maliyyə dəstəyi və məvacib olmadan yüzlərlə, hətta minlərlə insan ömrünü, vaxtını və enerjisini bu yola - vətən, millət, dövlət və dövlətçilik naminə sərf edir. Düşünürəm ki, dövlət tez bir zamanda partiyaların gücləndirilməsi istiqamətində planlar, tədbirlər və proqramlar hazırlamalı, rəqabət mühitini inkişaf etdirməlidir. Heç kim demir ki, qeydiyyatdan keçən hər bir partiyaya şərait yaradılmalıdır. Xeyr, rəqabət mühitində önə çıxan partiyalara imkan verilməlidir. Siyasi partiyalar nə qədər güclü, cəmiyyətə təsir imkanları nə qədər geniş olsa, cəmiyyət də bir o qədər güclü və hazırlıqlı olar. Bu, həm ideoloji mübarizələrə, həm siyasi-iqtisadi təxribatlara, həm də siyasi mühitin təhlükəsizliyinə aiddir".

Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu siyasi partiyalara ayrılan vəsaiti müxalifətə lütf kimi təqdim etməyin siyasi manipulyasiya olduğunu deyir: “Siyasi partiyaların dövlət büdcəsindən maliyyələşdirilməsini hökumətin müxalifətə göstərdiyi səxavət kimi təqdim etmək kökündən yanlış yanaşmadır. Bu vəsait nə hökumətin şəxsi büdcəsindən ayrılır, nə də hansısa siyasi qüvvəyə hədiyyə edilir. Bu, xalqın vəsaitidir və qanunla müəyyən edilmiş qaydada siyasi partiyaların fəaliyyətinə yönəldilir. Vətəndaşlarımızın ödədiyi vergilər hesabına formalaşan dövlət büdcəsindən əlbətdəki hər bir vətəndaşımızın da siyasi baxışına vəsait ayrılmalıdır. Bu özü-özlüyündə həm də demokratik göstəricidir. 6 milyon manatın bütövlükdə müxalifətə ayrıldığı barədə təsəvvür yaratmaq düzgün deyil. Bu vəsait qanunvericiliklə müəyyən edilmiş meyarlara uyğun olaraq müxtəlif siyasi partiyaların maliyyələşdirilməsi üçün nəzərdə tutulur. Deyərdim hələ bu məbləğ bəlkə də azdır. Böyük hədəfləri olan bir ölkənin heç şübhəsiz ki, siyasi partiyaları da böyük və güclü olmalıdır. Məsələnin ikinci hissəsinə gəldikdə isə əlbətdə ki, siyasi partiyalardan hesabat tələb etmək tamamilə doğrudur. Amma bu tələb birtərəfli olmamalıdır. Partiyalardan qanun layihələri, iqtisadi proqramlar və konkret təkliflər tələb edənlər eyni zamanda sual verməlidirlər ki, həmin təkliflərin dövlət səviyyəsində müzakirəsi üçün hansı real mexanizmlər mövcuddur? Siyasi partiyaların təşəbbüsləri nə dərəcədə dinlənilir və qiymətləndirilir? Üçüncüsü, siyasi partiyaların fəaliyyətsizliyi barədə ümumi ittihamlar irəli sürmək əvəzinə, konkret faktlar ortaya qoyulmalıdır. Kim hansı təklifi verib, hansı təşəbbüslə çıxış edib, hansı müraciətə cavab alıb və hansı nəticəyə nail olub? Obyektiv qiymətləndirmə məhz bu suallar üzərində qurulmalıdır. Biz siyasi partiyaların fəaliyyətindəki çatışmazlıqları inkar etmirik. Dövlət büdcəsindən vəsait alan hər bir siyasi təşkilat həmin vəsaitin müqabilində gördüyü işi ictimaiyyətə açıqlamalıdır. Siyasi partiya olmaq yalnız ad, möhür və qərargah sahibi olmaq demək deyil. Gələcək Azərbaycan Partiyası olaraq mövqeyimiz aydındır. Dövlət maliyyəsi siyasi sədaqətin mükafatı deyil, siyasi fəaliyyətin qanuni təminat mexanizmidir. Bu vəsait heç bir partiyanın müstəqil mövqeyini məhdudlaşdırmır və məhdudlaşdırmamalıdır da. Siyasi partiyalardan konkret nəticə tələb etmək olar. Amma onların fəaliyyətini qiymətləndirərkən yalnız xərclədikləri vəsait deyil, siyasi təşəbbüslərinin qarşılaşdığı institusional imkanlar və məhdudiyyətlər də nəzərə alınmalıdır. Sonda bir məqamı xüsusi vurğulamaq istəyirəm ki, siyasi partiyalara ayrılan dövlət vəsaiti üzərindən sensasiya yaratmaq asandır. Əsas məsələ həmin vəsaitin şəffaf xərclənməsini təmin etmək, siyasi rəqabət imkanlarını genişləndirmək və partiyaların cəmiyyət qarşısında real hesabatlılığını tələb etməkdir”.