"Brent" markalı neftin barreli beynəlxalq bazarlarında 103,96 dollardan satılır
Dünən (noyabrın 3-də) 104,92 dollara qədər bahalaşan “Brent” neftinin yanvar ayı üzrə barrel qiyməti günü 103,6 dollarla yekunlaşdırıb. "Brent" neftinin barrel qiyməti bu gün (noyabrın 4-də) saat 09:11-ə olan məlumata əsasən, bağlanış qiyməti ilə müqayisədə təxminən 0,34 faiz artaraq 103,96 dollara yüksəlib.
Eyni dəqiqələrdə Qərbi Texas ("WTI") markalı xam neftin dekabr müqavilələri üzrə barrel qiyməti 96,28 dollar təşkil edib.
Qiymətlərin bahalaşmasına ABŞ ilə İran arasında olası sülh sazişinə dair ziddiyyətli siqnallar təsir göstərib.
ABŞ-də Konqresə aralıq seçkiləri prosesi davam edərkən "Financial Times" (FT) qəzetinə müsahibə verən ABŞ Prezidenti Donald Tramp Tehran hakimiyyəti ilə münasibətlərin "mükəmməl" olduğunu bildirib. O, ABŞ-nin İrana hücum etmək üçün "təcili planının" olmadığını vurğulayıb.
ABŞ Prezidenti D.Tramp aralıq seçkilərindən sonra enerji qiymətlərinin sürətlə düşəcəyini iddia edib. O, Hürmüz boğazından hazırda müharibədən əvvəlki dövrlə müqayisədə daha çox neft keçdiyini bildirib. D.Tramp həmçinin ABŞ-nin İran limanlarına tətbiq etdiyi blokadanın Tehran rəhbərliyini iqtisadi cəhətdən çətin vəziyyətə saldığını iddia edib.
İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqayi isə ABŞ ilə olası sazişə dair yeni bir irəliləyişin olmadığını açıqlayıb. O, tərəflər arasındaki məlumat mübadiləsinin vasitəçilər üzərindən davam etdiyini bildirib.
Bununla yanaşı, Qətər dövləti ABŞ və İran arasındakı gərginliyi azaltmaq üçün tərəflərlə danışıqlar aparır. Ölkə, həmçinin Hörmüz boğazındakı keçidlərin təhlükəsizliyini təmin etməyə çalışır.
Bu çərçivədə qətərli vasitəçilər oktyabrın 30-da Tehranda İran heyəti ilə görüşlər keçirmişdilər.
Daha sonra İran nümayəndə heyəti Qətərin paytaxtı Dohada iki gün ərzində qətərli vasitəçilərlə danışıqları davam etdirmişdi.
ABŞ-də açıqlanan ehtiyat göstəriciləri qiymətləri dəstəkləyir
Sərmayədarlar, həmçinin ABŞ-də keçirilən aralıq seçkilərin nəticələrini diqqətlə izləyirlər. Onlar seçkilərin ABŞ Prezidenti D.Trampın daxili siyasətdəki mövqeyinə və administrasiyanın münaqişəyə yanaşmasına göstərə biləcəyi olası təsirləri qiymətləndirirlər.
ABŞ-də keçirilən aralıq seçkilərdə rəsmi olmayan nəticələrə əsasən, Respublikaçılar Senatda çoxluğu itirib və Nümayəndələr Palatasında Demokratlardan geriyə düşüblər. Bu hadisədən sonra D.Tramp "Wall Street Journal" qəzetinə açıqlama verib.
Respublikaçıların seçkilərdə mövqe itirməsinin səbəbinin İrana qarşı aparılan müharibə olub-olmaması ilə bağlı suala Tramp: "İran da bunun bir hissəsi idi", — deyə cavab verib.
ABŞ-də açıqlanan neft ehtiyatı göstəriciləri də qiymətləri dəstəkləyən başqa bir amil olub. Amerika Neft İnstitutu (API) ABŞ-nin kommersiya xam neft ehtiyatlarının keçən həftə təxminən 5 milyon 267 min barrel azaldığını təxmin edib. Bazar gözləntisi isə ehtiyatlarda 2 milyon 100 min barrellik artım olacağı yönündə idi.
Mütəxəssislər "Brent" neftində texniki baxımdan 104,10 dolların müqavimət, 102,40 dolların isə dəstək səviyyəsi kimi izlənilə biləcəyini bildirirlər.