Qarabağın bərpasına 2027-ci ildə 3,4 milyard manat ayrılacaq

Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası, yenidən qurulması və digər tədbirlər üçün 2027-ci ilin dövlət büdcəsindən 3 milyard 422 milyon manat vəsait yönəldilməsi nəzərdə tutulur.

Bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində qeyd olunub.

Layihəyə əsasən, işğaldan azad edilmiş ərazilərdə inşa edilmiş evlərə köçürülən ailələrin kommunal xidmətlərdən istifadəsinə, eləcə də müəyyən kateqoriyalar üzrə məcburi dövlət sosial sığorta haqlarının subsidiyalaşdırılmasına 22 milyon manat ayrılması nəzərdə tutulub.

Sosial sığorta subsidiyaları işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən müəyyən qeyri-dövlət sektorunu, habelə Naxçıvan Muxtar Respublikasını əhatə edəcək.