Bakı, 4 noyabr, AZƏRTAC Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 18 nömrəli tam orta ümumtəhsil məktəbində Zəfər Gününə həsr olunmuş “Ağxalatlı qəhrəmanlar” adlı tədbir keçirilib. AZƏRTAC xəbər verir ki, BŞTİ-nin müdir müavini Xəyalə Əhmədzadə, şəhid ailələrinin üzvləri, qazilər, həkimlər, müəllimlər və şagirdlər iştirak etdiyi tədbir Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda canlarından keçən şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Məktəbin direktoru Leyla Fətiyeva çıxışında tədbirin Vətən müharibəsi zamanı cəbhədə yaralanan hərbçilərin həyatını xilas etmək üçün çalışan, öz həyatlarını təhlükəyə ataraq yaralı əsgərlərə tibbi yardım göstərən həkim və tibb işçilərinin fədakarlığına həsr olunduğunu bildirib. Milli Məclisin deputatı Göydəniz Qəhrəmanov, Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev və Bakı Sağlamlıq Mərkəzinin baş həkiminin müavini Günay İsmayılova çıxışlarında Vətən müharibəsinin tarixi əhəmiyyətindən, xalqımızın birlik və həmrəyliyindən bəhs ediblər. Vurğulanıb ki, Zəfər tarixinin yazılmasında döyüş meydanında qəhrəmanlıq göstərən hərbçilərlə yanaşı, yaralı əsgərlərin həyatını xilas etmək üçün gecə-gündüz çalışan tibb işçilərinin də böyük rolu olub. Sonra şagirdlərin ifasında həkimlərin peşə borcuna sədaqətindən, cəsarətindən və humanist missiyasından bəhs edən “Ağxalatlı qəhrəmanlar” adlı ədəbi-bədii kompozisiya təqdim edilib. Tədbirin keçirilməsində məqsəd şagirdlərdə vətənpərvərlik ruhunu gücləndirmək, tarixi yaddaşı qorumaq, onlara qəhrəmanlıq, fədakarlıq və humanizm dəyərlərini aşılamaqdır. Müxbir-Nərmin Muradzadə Videooperator-Vüsal Tağıyev