Bakıda qeyri-yaşayış obyektlərinin illik qiyməti 13 %-dən çox artıb

Bakı şəhərində qeyri-yaşayış təyinatlı obyektlər üzrə orta illik qiymət artımı 13,1 % səviyyəsində qeydə alınıb.

Bunu Azərbaycan Qiymətləndiricilər Cəmiyyətindən (AQC) bildirilib.

Qiymət artımının ən yüksək göstəricisi Səbail rayonunda müşahidə edilib – 27,1 %. Nəsimi rayonunda artım 24,4 %, Nərimanov rayonunda qeyri-yaşayış obyektlərinin dəyəri 24,3 %, Xətai rayonunda 17,1 %, Yasamal rayonunda 12,7 %, Nizami rayonunda isə 12,5 % bahalaşma qeydə alınıb. Xəzər rayonunda qiymət artımı 11 %, Binəqədi rayonunda 10,8 %, Suraxanı rayonunda 9,1 %, Sabunçu rayonunda isə 7,4 % təşkil edib. Qaradağ rayonunda qiymətlər 5,7 %, Pirallahı rayonunda isə 3,1 % artıb.

AQC-nin məlumatına əsasən, bu seqmentdə qiymətlərin müəyyənləşməsində obyektin coğrafi mövqeyi, piyada və nəqliyyat hərəkətinin intensivliyi, kommersiya imkanları, ətraf ərazinin infrastruktur inkişafı və sahibkarlıq fəaliyyəti üçün yararlı şəraitin mövcudluğu həlledici amillər kimi çıxış edir.