Bakıda köhnə tikili mənzillərin qiyməti 10,8 faiz artıb

Bakı şəhərində köhnə tikili mənzillər 2026-cı ilin oktyabrında ötən ilin eyni ayı ilə müqayisədə orta hesabla 10,8 faiz bahalaşıb.

Bu barədə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) daşınmaz əmlak bazarı üzrə araşdırmasında bildirilib.

Bu seqmentdə ən yüksək qiymət artımı Səbail rayonunda qeydə alınıb – 20,5 faiz. Yasamalda artım 19,9 faiz, Nəsimidə 15,9 faiz, Nərimanovda isə 14 faiz təşkil edib.

Xətai rayonunda köhnə tikili mənzillərin qiyməti 12,6 faiz, Suraxanıda 11,8 faiz, Sabunçuda 11,1 faiz yüksəlib.

Binəqədidə qiymətlər 6,9 faiz, Xəzərdə 6,3 faiz, Qaradağda 5,3 faiz, Pirallahıda isə 5,2 faiz artıb.

AQC-nin sentyabr–oktyabr ayları üzrə qiymətləndirməsinə əsasən, köhnə tikili mənzillərdə aylıq qiymət artımı 0,86 faiz olub. Bu, əsas əmlak kateqoriyaları arasında ən aşağı aylıq artım göstəricisidir.