Ukrayna nə üçün Rusiya əhalisini hədəf almır? - AÇIQLAMA

Rusiya ordusunun Ukraynanın yaşayış məntəqələrinə endirdiyi zərbələr mülki əhali arasında itkilərə səbəb olmaqda davam edir.

Rusiya tərəfindən noyabrın 2-də Zaporojye vilayətinin Kamışevaxa qəsəbəsində humanitar yardımın paylandığı məktəb binasına və sığınacağa aviazərbələr endirilib. Son məlumatlara görə, hücum nəticəsində ölənlərin sayı 29 nəfərə çatıb.

Ukrayna isə Rusiyanın hücumlarına cavab olaraq mülki əhalini birbaşa hədəfə almır. Kiyev Rusiya ərazisində əsasən hərbi, logistika və enerji infrastrukturu ilə əlaqəli obyektlərə zərbələr endirir.

Bəs Ukrayna niyə Rusiyanın mülki əhalisini birbaşa hədəfə almır? Kiyev beynəlxalq hüquqi məsuliyyətdən, Qərbin dəstəyini itirməkdən, yoxsa müharibənin daha da genişlənməsindən çəkinir?

Politoloq Natiq Miri Sfera.az-a açıqlamasında bildirib ki, Rusiyanın Ukraynada həyata keçirdiyi hücumlar müharibə cinayətidir.

Onun sözlərinə görə, mülki obyektlərin və yaşayış məntəqələrinin intensiv atəşə tutulması beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır:

“Rusiyanın etdikləri müharibə cinayətidir. Bu faktlar oldu-bitti ilə ört-basdır ediləcək məsələlər deyil. Bütün faktlar toplanır və düşünürəm ki, Beynəlxalq Cinayət Məhkəməsində də bununla bağlı ciddi sübutlar var. Rusiya Prezidenti Vladimir Putinin həbsi ilə bağlı Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən də order verilib. Mülki obyektlərin və yaşayış məntəqələrinin intensiv atəşə tutulması müharibə cinayətidir. Bu hücumların davam etməsi və getdikcə şiddətlənməsi beynəlxalq səviyyədə cəzasızlıqla əlaqəlidir. Belə bir vəziyyətdə Vladimir Putin və onun rəhbərlik etdiyi Rusiya dünyadan tamamilə təcrid olunmalı olduğu halda, qlobal güclər tərəfindən onun üçün müəyyən imtiyazlar və imkanlar yaradılır. Bir tərəfdən ABŞ Prezidenti Donald Trampın xəyanətkar siyasəti, digər tərəfdən isə Çin kimi qlobal güclərin Rusiyanı müdafiə etməsi bu cür bombardmanlara stimul verir”.

Politoloq Ukraynanın Rusiya əhalisini birbaşa hədəfə almamasını iki ölkənin insan həyatına münasibətindəki fərqlə əlaqələndirib:

“Ukraynanı Rusiyadan fərqləndirən əsas cəhət odur ki, rəsmi Kiyev müharibə cinayəti törətmək istəmir. Çünki Ukraynada insan həyatına dəyər verən mənəvi prinsiplər mövcuddur. Rusiya isə öz vətəndaşlarını kütləvi şəkildə müharibəyə göndərir və insan həyatına lazımi dəyər vermir. Öz insanına dəyər verməyən bir dövlətin başqa ölkənin əhalisini də kütləvi şəkildə məhv etməsi təəccüblü deyil. Bu gün Rusiyanın heç bir ərazisi Ukrayna üçün əlçatmaz deyil. Buna baxmayaraq, Ukrayna dövləti və ordusu rus xalqı ilə müharibə aparmır. Əsas hədəf Rusiyanın müharibəni davam etdirməsini təmin edən və onu maliyyələşdirən mənbələrdir. Təəssüf ki, Rusiyanın mərkəzi şəhərlərində yaşayan insanlar hələ də müharibənin ağırlığını kifayət qədər hiss etmirlər. Putini dəstəkləyənlər var. Doğrudur, artıq əhalinin böyük əksəriyyəti müharibənin tezliklə başa çatmasını istəyir. Lakin bu tələb küçələrdə açıq şəkildə səsləndirilmir və efirdə buna imkan verilmir”.

Natiq Miri bildirib ki, Rusiyanın Ukraynanın enerji infrastrukturuna hücumlarını davam etdirməsi Kiyevin cavab tədbirlərini sərtləşdirə bilər:

“Əgər sülh danışıqları ciddi nəticə verməsə və Rusiya qış aylarında Ukraynanın enerji və istilik mənbələrini məhv etməyə davam etsə, düşünürəm ki, Ukrayna da Rusiyanın mərkəzi şəhərlərində enerji və istilik sistemlərinə zərbələr endirməyə başlayacaq. Yalnız bundan sonra həmin şəhərlərin sakinləri Ukrayna xalqının hansı çətinliklərlə üzləşdiyini və müharibənin nə demək olduğunu hiss edəcəklər. Yəni birbaşa əhali hədəf alınmasa da, enerji sistemlərinə zərbələr vasitəsilə bunun ağırlığı dolayısı ilə hiss etdiriləcək. Hələlik sülh perspektivi ilə bağlı müəyyən gözləntilər var. Ancaq bunun Rusiya üçün sadəcə vaxt qazanmaq məqsədi daşıdığı ortaya çıxarsa və intensiv hücumlar davam edərsə, Ukrayna da asimmetrik cavab verəcək. Düşünürəm ki, bununla bağlı ciddi hazırlıqlar görülə bilər. Xüsusilə də təkcə reaktiv dronların deyil, ballistik raketlərin ehtiyatının toplanması istiqamətində hazırlıqların aparılması mümkündür”.