"Tenerife" klubunun hücumcusu hadisədən bir gün sonra xəstəxanada dünyasını dəyişib
"Tenerife" (CD Tenerife) klubunun hücumçusu Xesus de Migel noyabrın 2-də keçirilən ikinci liqa oyununda ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Lakin o, növbəti günün səhəri xəstəxanada dünyasını dəyişib. Bu barədə oyuncunun çıxış etdiyi "Tenerife" klubunun yaydığı bəyanatda bildirilib.
Məlumata əsasən, ispaniyalı futbolçu ikinci liqa matçında meydançada baş verən toqquşma nəticəsində ağır zədələnib. 30 yaşlı hücumçu həmin hadisədən bir gün sonra vəfat edib.
Klubun rəsmi açıqlamasında deyilir: "Xesus de Migel Alameda noyabrın 3-də səhər saat 08:00-da vəfat etdi. Ürəyimiz yanır, boğazımız düyünlənib. Hələ də inana bilmirik".
Hücumçu noyabrın 2-də "Tenerife" klubunun "Heliodoro Rodriges Lopes" stadionunda keçirilən "LaLiga Hypermotion" turnir matçının sonlarına doğru topa tərəf hərəkət edərkən "Andorra" klubunun qapıçısı Xesus Ovono ilə toqquşub.
Tibb heyəti meydançada X.D.Migelə ilkin tibbi yardım göstərib. Daha sonra o, təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb. Matç bu hadisədən sonra yarımçıq saxlanılıb.
Qeyd edək ki, "Tenerife" klubu noyabrın 2-də verdiyi açıqlamada Xesus De Migelin "Nuestra Senyora de Kandelariya" Universitet Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirildiyini bildirmişdi. Klub oyunçunun vəziyyətinin ağır, lakin stabil olduğunu qeyd etmişdi.