ABŞ-ın süni intellekt texnologiyaları sahəsində fəaliyyət göstərən “Anthropic” şirkətinin 2026-cı ilin üçüncü rübündə gəlirləri 12 dəfədən çox artıb. Bununla belə, şirkət 23,3 milyard dollar xalis zərər açıqlayıb.

Bu barədə “Bloomberg” agentliyi şirkətin Qiymətli Kağızlar və Birjalar Komissiyasına (SEC) təqdim etdiyi maliyyə hesabatına istinadən məlumat yayıb.

Hesabata əsasən, “Claude” süni intellekt platformasının yaradıcısı olan “Anthropic”in iyul-sentyabr aylarında gəlirləri illik müqayisədə 1127% artaraq 16,96 milyard dollara çatıb.

Şirkətin xalis zərəri isə ötən ilin eyni dövründəki 12,1 milyard dollardan 23,3 milyard dollara yüksəlib.

Bununla belə, xalis zərərin 21,9 milyard dolları əsasən konvertasiya olunan borc alətləri və digər maliyyə öhdəliklərinin yenidən qiymətləndirilməsi ilə bağlı mühasibat xərcindən yaranıb.

Şirkətin əməliyyat xərcləri illik müqayisədə 292% artaraq 17,5 milyard dollar olub. Bunun 9,86 milyard dolları hesablama gücü və infrastruktur xərclərinin payına düşüb.

“Anthropic” ikinci rübdə 974 milyon dollar əməliyyat mənfəəti əldə etsə də, üçüncü rübdə yenidən 567 milyon dollar əməliyyat zərərinə düşüb.

Düzəliş edilmiş əməliyyat mənfəəti isə 2,46 milyard dollar təşkil edib.

Bu məbləğin əsas hissəsi süni intellekt modellərinin işlədilməsi üçün hesablama güclərinin alınması, məlumat mərkəzlərinin icarəsi və digər infrastruktur xidmətləri ilə bağlıdır.

Müqavilələr üzrə xərclərin 447,5 milyard dollarının 2030-cu ilin sonunadək, təxminən 69,8 milyard dollarının isə qarşıdakı 12 ay ərzində çəkilməsi nəzərdə tutulur. Bu rəqəmlər şirkətin mövcud bank borcunu deyil, müxtəlif illəri əhatə edən müqavilə öhdəliklərini göstərir.

IPO-ya hazırlaşır

Şirkət oktyabrın 26-da səhmlərinin ilkin kütləvi yerləşdirilməsi (IPO) üçün ABŞ tənzimləyicisinə müraciət edib.

“Bloomberg”in məlumatına görə, “Anthropic” ABŞ-ın kosmik texnologiyalar sahəsində fəaliyyət göstərən “SpaceX” şirkətinin 86,2 milyard dollarlıq IPO rekorduna çatmağı və ya onu geridə qoymağı hədəfləyir.

İnvestorların ilkin qiymətləndirmələrinə görə, “Anthropic”in bazar dəyəri 1,4–1,5 trilyon dollar arasında formalaşa bilər. Daha yüksək tələb şəraitində qiymətləndirmənin 1,75 trilyon dollara çatması da mümkün sayılır.

IPO-nun təşkilinə ABŞ-ın investisiya bankçılığı sahəsində fəaliyyət göstərən “Goldman Sachs” və “Morgan Stanley” bankları rəhbərlik edir. Sövdələşmədə daha 20 maliyyə təşkilatı iştirak edir.

Şirkət səhmlərini ABŞ-ın “Nasdaq” birjasında “ANT” ticarət simvolu altında yerləşdirməyi planlaşdırır.

Bununla belə, IPO zamanı cəlb ediləcək vəsaitin yekun məbləği, səhmlərin satış qiyməti və şirkətin bazar dəyəri hələ müəyyənləşdirilməyib.