Erməni əsgərlər niyə özünü öldürür? - SENSASİYON İDDİA

Ermənistan hərbi qulluqçuları arasında qeydə alınan intihar hallarının ehtimal edilən başlıca səbəblərindən biri onların müxtəlif sektalara mənsubluqları ola bilər.

Bu barədə ölkənin İstintaq Komitəsinin sədri Artur Poqosyan parlamentdə 2027-ci il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı məlumat verib.

Onun sözlərinə görə, bəzi sektalar intiharı təbliğ edir və ayrı-ayrı hallarda istintaq orqanları onların hərbçilərə göstərdiyi təsirin sübutlarını aşkar edirlər. Belə ki, bu yaxınlarda özünə qəsd edən əsgərlərdən birinin cəsədi üzərində istintaq tərəfindən sui-qəsdə meyilliliyin göstəricisi kimi qiymətləndirilən döymələr tapılıb.

"Bu, milli təhlükəsizlik məsələsidir və yaxın vaxtlarda müvafiq proseslərə başlayacağıq. Cəmiyyət bu barədə məlumatlandırılacaq. Söhbət bir neçə hadisədən gedir", - deyə Poqosyan bildirib.

Komitə sədri, həmçinin bu məsələ ilə əlaqədar Milli Təhlükəsizlik Xidmətinin direktoru Andranik Simonyana müraciət etmək niyyətində olduğunu da vurğulayıb.

2026-cı ilin əvvəlindən etibarən Ermənistan Silahlı Qüvvələrində hərbçilərin ölümü ilə nəticələnən 17 hadisə qeydə alınıb. Bu faktlar cəmiyyətdə geniş rezonans doğuraraq, hərbi nizam-intizam, nizamnamədənkənar münasibətlər və şəxsi heyətin mənəvi-psixoloji vəziyyəti ilə bağlı problemləri yenidən gündəmə gətirib.

Avqustun 24-də Ermənistanın müdafiə naziri Suren Papikyan əsgər ölümlərinə görə birbaşa müdafiə qurumunun rəhbərinin günahlandırılmasının onun üçün gözlənilməz olduğunu qeyd edib. Elə həmin gün daha bir müqaviləli hərbi qulluqçunun həyatını itirdiyi məlum olub.

Bundan əvvəl, avqustun 13-də baş nazir Nikol Paşinyan orduda baş verən hadisələri şərh edərkən müvafiq iş istiqamətlərinə cavabdeh olan strukturlarda kadr dəyişikliklərinin ediləcəyini açıqlamışdı. Qısa müddət sonra Silahlı Qüvvələrin Mənəvi-psixoloji təminat idarəsinin rəisi Seryoja Stepanyan və Hərbi Polisin rəisi Aşot Zakaryan tutduqları vəzifələrdən azad ediliblər.