“Apple”ın gəliri $114 milyardı keçib – Proqnozları üstələyib

ABŞ-ın texnologiya və elektronika istehsalı sahəsində fəaliyyət göstərən “Apple” şirkəti 2026-cı maliyyə ilinin dördüncü rübündə analitiklərin gözləntilərindən daha yüksək gəlir və mənfəət əldə edib.

Şirkətin noyabrın 2-də açıqladığı maliyyə hesabatına əsasən, iyul-sentyabr aylarında ümumi gəlirlər illik müqayisədə 11,7% artaraq 114,48 milyard dollara çatıb. Analitiklər bu göstəricinin 113,39 milyard dollar olacağını proqnozlaşdırırdılar.

Şirkətin xalis mənfəəti ötən ilin eyni dövründəki 27,47 milyard dollardan 30,71 milyard dollara yüksəlib. Bu, illik müqayisədə 11,8% artım deməkdir.

Bir səhmə düşən mənfəət (EPS) isə 1,85 dollardan 2,10 dollara çataraq 1,99 dollarlıq bazar gözləntisini üstələyib.

“Apple”ın gəlirlərinin artmasında əsas rolu “iPhone” satışları oynayıb. Smartfon satışlarından əldə olunan gəlir illik müqayisədə 17,5% artaraq 57,58 milyard dollar təşkil edib. Analitiklər 56,54 milyard dollar gözləyirdilər.

Şirkətin xidmətlər seqmenti üzrə gəlirləri 9,8% artaraq rekord 31,57 milyard dollara çatıb. “Mac” kompüterlərinin satışları 23,7% artımla 10,79 milyard dollar olub.

Bununla yanaşı, “iPad” satışlarından gəlir 6,23 milyard dollara düşüb. Ağıllı saatlar, ev cihazları və aksessuarlar üzrə gəlirlər isə 8,30 milyard dollar təşkil edib.

Şirkətin ümumi mənfəət marjası 47,9% səviyyəsində formalaşıb. Bu göstəriciyə gömrük tarifləri üzrə geri ödənişlərin müsbət təsiri də olub.

Müsbət maliyyə nəticələrinə baxmayaraq, “Apple”ın səhmləri birjadankənar ticarətdə ucuzlaşıb. Buna səbəb şirkətin qarşıdakı rüb üçün daha zəif mənfəət marjası proqnozlaşdırmasıdır.

“Apple” dekabrda başa çatacaq rübdə ümumi mənfəət marjasının 45–46%-ə enəcəyini gözləyir. Şirkət bunu əsasən yaddaş çiplərinin bahalaşması ilə əlaqələndirir.

Qeyd edək ki, “Apple”ın 2026-cı maliyyə ili üzrə ümumi gəlirləri 478,83 milyard dollara, xalis mənfəəti isə 132,18 milyard dollara çatıb.