“Görünür, düşmən Şuşadan çıxıb, amma bəzi məkanlarda- evlərdə hələ də insanlıq işğal altındadır!..
“Bir şüşə araq pulu üçün arvadını döyən adamın bu şəhərdə özünə yer tapması əsl faciədir...”
-7 CÜMLƏDƏ 7 DƏRD...-
Şəkinin kəndlərindən birində toy öncəsi “ciyər axşamı”nın qalibi bəlli olub: sözünün qabağında söz deyən bələdiyyə sədrinin başını butulka ilə yaran sərxoş icra nümayəndəsinə “İlin ən ciyərli məmuru” mükafatı, zərərçəkənə isə başına qoyulan tikişlərin xatirə diplomu düşür!..
*** *** ***
Ağdamda keçmiş qayınanasını dişləyən gəlin, yəqin ki, ətin bahalığından xeyli vaxtdır ət yeyə bilmirmiş, həmin gün vampir görkəmlilərin də qatıldığı milli dəyərlərimizə tamamilə zidd olan "Hellouin" bayramından çıxanda qəssabxanadan ət almağa pulu çatmadığından, acığa gedib onu boşayaraq dolanışığını ağırlaşdırmış ərinin sinəsindən dişləyib!..
*** *** ***
Deputatlardan birinin milli(!) “TOXTA!” sözünü əcnəbi “STOP!” ifadəsi əvəzinə işlətmək təklifi təqdirəlayiqdir; amma bu kəlməni öncə yol nişanlarına yox, haram var-dövləti boğazlarına tıxmaqdan boğulan simasız rüşvətxorların, korrupsionerlərin villa və iş kabinetlərinin qapısına yazmaq lazımdır...
*** *** ***
Rəsmi məıumata görə, Rusiya, Mərakeş, Belçika, Türkiyə və Niderlanddan Azərbaycana 86 milyon diri həşərat gətirilib( hər kvadrat kilometrimizə təxminən 1000 həşərat düşür); deyəsən, ölkədəki tamahkar, vicdansız və xalqın, dövlətin inkişafına mane olan və kimsəsiz Saxara səhralarına, yaxud Antarktida buzlaqlarına ixrac ediləsi ikiayaqlı həşəratları saymayıblar, yoxsa idxala ehtiyac qalmazdı!
*** *** ***
Qorxuram ki, paylaşım, açıqlama azarkeşi olan bəzi nadanlar və ya gerçək düşmən ölkələrdən maliyyələşərək hər fürsətdə bir millət-iki dövlətin arasını vurmaq üçün marığa yatmış “geo-siyasi tədqiqatçı” və pulitoloqlar, yaxud fantastik təxəyyüllü “detektiv-yazıçılar” Bakıda “Diriliş Ertuğrul” serialına baxarkən həyəcanlanıb infarkt keçirən Azərbaycan vətəndaşının bu acı taleyini də qardaş Türkiyənin Azərbaycana qarşı növbəti “hibrid hücumu” və ya “Türkiyə ictimaiyyətinin təxribatı” kimi qələmə versinlər və osmanlıların ulu sərkərdəsi Ərtoğrulu da “persona-non qrata” elan etdirsinlər...
***
Şuşada torpaq azadlığı uğrunda can verən şəhidlərin ruhu, qan tökən qazilərin fədakarlığı bir yana, bir şüşə araq pulu üçün arvadını döyən adamın bu şəhərdə özünə yer tapması əsl faciədir – görünür, düşmən Şuşadan çıxıb, amma bəzi məkanlarda- evlərdə hələ də insanlıq işğal altındadır!..