Türkiyədə dolların məzənnəsi 50 lirəni keçib

Türkiyədə ABŞ dollarının məzənnəsi 50 lirə həddini keçib. Türk lirəsi dollar qarşısında zəifləməkdə davam edir.

Noyabrın 3-də səhər saatlarında Türkiyənin sərbəst valyuta bazarında ABŞ dollarının satış məzənnəsi 50,0021 lirəyə yüksəlib. Alış məzənnəsi isə 49,9892 lirə təşkil edib.

Bununla da dolların satış qiyməti psixoloji əhəmiyyət daşıyan 50 lirə səviyyəsini ötüb. Eyni vaxtda avronun məzənnəsi təxminən 56 lirə olub.

Türk lirəsi son bir ildə ABŞ dolları qarşısında əhəmiyyətli dərəcədə dəyər itirib. 2025-ci ilin noyabrında dollar təxminən 42 lirə olduğu halda, hazırda bu göstərici 50 lirə ətrafındadır. Beləliklə, dolların məzənnəsi illik müqayisədə təxminən 19% yüksəlib.

Məzənnədəki dəyişiklik Türkiyə Mərkəzi Bankının faiz endirimi fonunda baş verir.

Xatırladaq ki, Türkiyə Mərkəzi Bankı oktyabrın 22-də uçot faiz dərəcəsini 100 baza bəndi azaldaraq 37%-dən 36%-ə endirib.

Tənzimləyici inflyasiyanın əsas tendensiyasında zəifləmə müşahidə olunduğunu bildirsə də, yüksək enerji qiymətlərinin və geosiyasi gərginliyin qiymət sabitliyinə risk yaratdığını vurğulayıb.