44 günlük Vətən müharibəsində neçə-neçə igidlər arxalarında əmanət qoyub getdilər. Kimisi sevgilisini, kimisi ailəsini, övladını, kimisi də vətənə sevginin sübutu olan bir simvolu...
Ağaəmi Heybətov o şəhidlərdəndir ki, üstündə gəzdirdiyi Türkiyə bayrağını son nəfəsində yoldaşlarına əmanət edib. Qardaş ölkə bayrağının şəhidimizin son anında belə yanında olması, Azərbaycan əsgərinin qəlbindəki Türkiyə sevgisinin necə dərin olduğunu göstərir.
Şəhidin bacısı Həliməxanım Heybətova Modern.az-a qardaşı barədə danışıb.
"Yaşca kiçik olsa da, ürəyi də, qardaşlığı da böyük idi"
“Ağaəmi məndən 5 yaş kiçik idi. Amma o qədər sərt, igid, mərd idi ki, biz ona böyük qardaşımız kimi hörmət edirdik. Enerjisi, ab-havası, aurası, danışıq tərzi buna vadar edirdi. O, nə qədər müasir Azərbaycan gənci kimi böyüsə də, qanındakı millilik hər sözündə, qərarında özünü göstərirdi. O ağsaqqallara, ağbirçəklərə, uşaqlara necə davranılacağını yaxşı bilir, hamıya hörmət edirdi.
Ailədə ən çox məni qıcıqlandırmağı sevirdi. Anam həmişə deyərdi ki, o səni bilərəkdən hirsləndirir, çox fikir vermə. O, sevdiyi adamlara belə edirdi.
Bu gün düşünürəm, kaş qardaşım yenə yanımda olardı, məni qıcıqlandırıb "tərs keçi" deyərdi”.
2020-ci il 21 sentyabr: Ağaəminin sosial mediada yazdığı o cümlə: "Biz hazırıq"
“Heç müharibə mövzusu yox idi. Birdə gördüm ki, Ağaəmi özünün sosial media profilindəki şəklini əsgərlik şəkli ilə əvəz edib. Altına da yazıb: "Biz hazırıq".
Həmin vaxt heç nə anlamadım. Bu şəkli maraq üçün qoyduğunu düşündüm. Hardan bilərdim ki, qardaşım 8 gün sonra döyüşə gedəcək”.
"Müharibəyə toya gedirmiş kimi hazırlandı"
“Sentyabrın 29-u işdən gələndə gördüm ki, qardaşım evdədir. Normalda o işdən məndən daha gec gələrdi. Evdə də gördüm ki, hamı kədərlidir. Dedilər ki, qaqaşa çağırış gəlib, sabah gedir. Anında çevrildim, gördüm ki, Ağaəmi gülür.
Səhər durdu, toya gedirmiş kimi hazırlandı, bizlə görüşdü, məni qucaqladı. Məni ağlayan görəndə dedi ki, "Ağlama, sən kişi kimi qızsan".
Bəlkə də o vaxtkı cümlələr bu gün üçün idi. Çünki bilirdi o gedəndən sonra evdəkiləri mən dik saxlaya bilərdim”.
Bacısının sözlərinə görə şəhidin son danışığı 3 yaşlı bacısı qızı ilə olub:
“Son danışığımız oktyabrın 15-i oldu. Ondan zəng gələndə otaqda təkcə bacımın qızı olub. Uşaq həmin vaxt heç kimlə danışmırdı, amma qardaşıma anlaşılmaz cümlələr qurub. Elə bil uşaq da hiss edib dayısı ilə son danışığı olduğunu.
Uşağın əlindən telefonu alanda qardaşım dedi ki, "Qoy danışsın mənimlə".
Ayın 24-ü axşam radələrində bilindi ki, Ağaəmi şəhid olub”.
Ağaəminin bayraq əmanəti
“Ağaəminin şəhadətə ucalmasından xeyli vaxt keçmişdi, fevral ayı idi. Döyüş yoldaşı biz gəldi, dedi ki, "onun məndə əmanəti var. Əmanəti sizə çatdırmalıyam".
Döyüş yoldaşına deyib ki, "mən şəhid olsam, cibimdəki türk bayrağını evimə çatdırarsınız". Həmin bayraq bu gün evimizdə, qardaşıma aid guşədə öz yerini alıb.
Döyüş yoldaşlarının sözlərinə görə, o tez-tez şəhid olacağaını söyləyirmiş. Ağəmi yoldaşlarına bunu da deyib: "Elə şəhid olsam yaxşıdır, adam gərək öləndə də kişi kimi ölə. Belə də ki, bu torpaqları biz azad etməsək, gələcək nəsillər əziyyət çəkəcək".
Bir bacı olaraq qardaşımı itirmək çox ağırdır. Amma bu gün görürəm ki, qardaşım və onun kimi igidlərin sayəsində gənclərimiz, balalarımız xoşbəxt və firəvan yaşayır”.
Ağaəminin qardaş ölkəyə olan sevgisi...
“Qardaşım üçün Azərbaycan nə idisə, Türkiyə də o idi. Uşaqlıqdan Türkiyəni sevirdi, aldığı təhsil vaxtı da, UNEC-də tələbə olduğu dönəmlərdə də Türkiyəyə bağlılığı artmışdı.
O həmişə dilinə gətirirdi ki, biz eyni millət, eyni dövlətik. Hətta gələcək planlarını da Türkiyə üzərindən qururdu. Orada yaşamaq istəyirdi. Vətəni Azərbaycanı, ona doğma olan Türkiyəni çox sevirdi”.
"Qalatasaray" sevdalısı şəhid Ağaəmi
“Türkiyəni öz ölkəsi qədər sevirdi. Qardaş ölkənin mahnıları, filmləri, xüsusilə də futbolu qardaşımın maraq dairəsində idi.
"Qalatasaray" klubunu sevirdi, ona azarkeşlik edirdi. Qəribə bir sevgi idi sevgisi. "Qalatasaray" məğlub olanda Ağəmi də kədərlənir, qalib gələndə sevinirdi. Birdən kefi olmayanda evdə hamımız başa düşürdük ki, "Qalatasaray" məğlub olub. Evdə heç kim Ağaəmini kefsiz olanda dindirmirdi. Qardaşım üçün "Qalatasaray" adi futbol komandası deyildi, bir sevda idi”.
Ağaəmi Heybətov 1993-cü il iyunun 6-da Bakı şəhərində anadan olub. 2000-2011-ci illərdə Buzovna qəsəbəsində yerləşən Əfqan Əliyev adına 125 nömrəli tam orta məktəbdə oxuyub. 2002-2007-ci illərdə isə Buzovna qəsəbəsində 4 saylı Uşaq İncəsənət Məktəbində musiqi (qarmon) təhsili alıb, həmçinin Buzovna qəsəbəsinin dini icmasının nəzdində yerləşən İmam Hüseyn məscidində dini təhsilə yiyələnib. Ali təhsilini isə 2011-2015-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin Türk dünyası işlətmə fakültəsinin turizm və otelçilik ixtisası üzrə alıb. Subay idi.
Ağaəmi Heybətov 2015-2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin Gəncə şəhərində yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmət keçib. 2016-cı ildə baş verən Aprel döyüşlərinə qatılmaq istəsə də, buna nail ola bilməyib.
Ağaəmi Heybətov 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı Suqovuşan istiqamətində gedən döyüşlərdə savaşıb. Oktyabrın 16-da şəhidlik mərtəbəsinə yüksəlib. 25 oktyabr tarixində Xəzər rayonunun Buzovna qəsəbəsində yerləşən Şəhidlər xiyabanında dəfn olunub.
Ölümündən sonra "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə", "Cəsur döyüşçü" medalları, 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.