Bakı, 4 noyabr, AZƏRTAC İran Hindistan, Çin, İraq və Qətərə məxsus gəmiləri Hörmüz boğazından keçidlə bağlı tətbiq olunan məhdudiyyətlərdən azad edib.AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, bu barədə İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyası sədrinin müavini Əmir Həyat Müqəddəm deyib.O, Hörmüz boğazında gəmi hərəkəti və dəniz nəqliyyatına tətbiq edilən məhdudiyyətlər barədə danışıb: “Hazırda Hindistan, Çin, İraq və Qətəri Hörmüz boğazından keçid məhdudiyyətlərindən azad etmişik. Bu ölkələrin gəmiləri sərbəst şəkildə boğazdan keçirlər. Amerikalılar da həmin gəmilərə müdaxilə etmirlər”.Ə.Həyat Müqəddəm bu güzəştlərin müəyyən səbəblər əsasında tətbiq edildiyini və qarşılıqlı maraqların nəzərə alındığını vurğulayıb: “Hindistan gəmilərinə keçid imkanının yaradılması bu ölkədən dərman preparatlarının idxalını təmin etmək məqsədi daşıyır”.Çinə münasibətdə tətbiq olunan güzəştlərin isə Pekinin siyasi dəstəyini qazanmağa yönəldiyini bildirən iranlı rəsmi Hindistan və Çin gəmilərindən Hörmüz boğazından keçid üçün ödəniş alındığını qeyd edib.O, Qətərə məxsus gəmilərdən isə heç bir keçid haqqının tutulmadığını bildirib.