"Özünün eyni soykökdən olan qonşusunun torpaqlarını işğal edən, dinc əhalisini soyqırımına məruz qoyan təcavüzkar bir dövlətin Türk dövlətlərinin təşkilatında nə işi var?!."
Türk(!) Dövlətləri Təşkilatının (TDT) Ankarada keçirilən 13-cü, elin mövhumat dilində desək, nəhs Zirvə görüşündə- sammitində əcaib-qəraib fikirlər səsləndi. Onlardan birinin müəllifi isə Qazaxıstan Prezidenti Qasım-Comərd(!) Tokayev oldu. O, Rusiyanın da bu mötəbər Türk(!) təşkilatına cəlb olunmasını, ona ya müşahidəçi statusu verilməsini, ya da “TDT+” formatında iştirakının təmin edilməsini təklif etdi.
Açığını deyim, bəndəniz üçün bu, o qədər də gözlənilməz olmadı. Çünki Trükiyə lideri Ərdoğanın iştirak etmədiyi bəzi toplantılarda digər Türk(!) liderlərin öz aralarında rus dilində danışmalarına şahid olduqdan sonra burada Moskvanın barmağının ola biləcəyini düşünməyə başlamışdım...
Peskov isə, sanki əvvəlcədən qum saatını qurmuşdu. Tokayevin təklifindən heç bir gün keçməmiş Kremlin reaksiyası gəldi. Rusiya Prezidentinin mətbuat katibi bildirdi ki, Moskva Rusiyanın TDT-də iştirakını “tamamilə başadüşülən və məqsədəuyğun” hesab edir. Bununla belə, hələlik təşkilata qoşulmaq üçün rəsmi dəvət almadıqlarını da vurğuladı...
Vallah, bu xəbərləri eşidəndə mat-məəttəl qaldım. Düzdü, Rusiya imperiyası on milyonlarla türkü, müsəlmanı onların öz ərazilərində müstəmləkəyə çevirib. Başqa sözlə, əhalisinin xeyli hissəsi türksoyludur. Fəqət, axı, birincisi, özünün eyni soykökdən olan qonşusunun torpaqlarını işğal edən, dinc əhalisini soyqırımına məruz qoyan (burada Ukrayna və ukraynalıların başına gətirilənləri nəzərdə tuturam) təcavüzkar bir dövlətin Türk dövlətlərinin təşkilatında nə işi var?!
İkincisi, Rusiya bu quruma daxil olarsa, istər-istəməz üstünlüyü, daha doğrusu, dominantlığı ələ keçirəcək. Çünki bu imperiya nə qədər zəifləsə də, hərbi-siyasi qüdrətinə, nəhəng yeraltı və yerüstü sərvətlərinə, iqtisadi və geo-siyasi imkanlarına görə, digər Türk dövlətlərini bir yana qoyaq, Türkiyənin özündən də hələ xeyli güclüdür. Üstəlik, Rusiya dünyanın ən böyük nüvə arsenalına malik dövlətidir. Özü də hələ Comərd abimiz Ankara sammitində onu da vurğulayıb ki, TDT-ni hərbi quruma çevirmək lazım deyil. Bu o deməkdir ki, işğalçı Rusiya ordusu bizə qoşulandan sonra hərbi cəhətdən birləşməyimizə ehtiyac yoxdur? Bəs belə bir güc nisbəti şəraitində hansı bərabərhüquqlu tərəfdaşlıqdan, hansı Türk birliyindən danışmaq olar?!..
Üçüncüsü, heç kimə sirr deyil ki, sovet dövründən başlayaraq Moskvanın keçmiş müttəfiq respublikaları olan Türk dövlətlərində, hətta Türkiyənin özündə belə, “KQB” (SSRİ Dövlət Təhlükəsizlik Komitəsi), “QRU” (Sovet hərbi kəşfiyyatı) və “SVR” (Rusiya Xarici Kəşfiyyat Xidməti) kimi xüsusi xidmət orqanlarının kifayət qədər geniş şəbəkələri və təsir imkanları olub. Bu təsir mexanizmlərinin bir qisminin bu gün də mövcudluğunu qoruduğunu düşünmək üçün kifayət qədər əsas var. Onsuz da Moskvanın sözügedən dövlətlər üzərində tarixi, siyasi, iqtisadi və təhlükəsizlik müstəvisində xeyli təsir imkanları mövcuddur...
Belə olan halda, Rusiya TDT-yə də daxil edilərsə, bu təşkilatın müstəqil qərarvermə imkanları, ortaq Türk maraqları və siyasi iradəsi nə dərəcədə qoruna biləcək? Moskvanın təşkilat daxilindəki çəkisi və təsir imkanları digər üzvlərin mövqeyini kölgədə qoymayacaqmı? Ən əsası, Türk dövlətlərinin öz aralarında yaratdıqları bu təşkilat tədricən Kremlin siyasi təsir dairəsinə düşməyəcəkmi?..
Zənnimcə, bu sualların cavabı üzərində ciddi düşünməyə dəyər. Çünki söhbət sadəcə bir dövlətin hansısa beynəlxalq təşkilata üzvlüyündən getmir. Söhbət Türk dünyasının müstəqil siyasi iradəsindən, gələcək taleyindən, özünəməxsusluğundan və inteqrasiya perspektivlərindən gedir.
Lap bu məqamda maraqlı bir təsadüfü də qeyd etməyə bilmərəm: Tokayevin Rusiyanı TDT-yə cəlb etmək təklifini səsləndirib Türk Vətəninə(!) qayıdandan sonra Qazaxıstanın qərbindəki Atırau şəhərində dövlət çevrilişinə cəhdin qarşısının alındığı açıqlanıb. Ölkənin Milli Təhlükəsizlik Komitəsinin məlumatına görə, konstitusiya quruluşunu zorla dəyişdirməyi planlaşdırmaqda şübhəli bilinən 10 nəfər saxlanılıb. Görəsən, Tokayev Rusiyanı Türk dünyasının evinə dəvət etməzdən əvvəl öz evinin təhlükəsizliyi barədə bir az da düşünməli deyilmi?!..
Odur ki, bütün bu deyilənləri nəzərə alaraq Tokayevin təklifinə cavab olaraq mən də öz növbəmdə belə bir əks-təklif irəli sürürəm: Rusiyanın TDT-yə girməsindənsə, TDT-nin MDB-yə daxil olması daha yaxşı olar!..
Əlbəttə, bu da bir kinayədir. Amma bəlkə də elə bu kinayənin arxasında düşündürücü bir həqiqət yatır: Türk Dövlətləri Təşkilatı Türk dövlətlərinin öz müstəqilliklərini, suverenliklərini, ortaq maraqlarını, dünyadakı təsir gücünü möhkəmləndirmək üçün yaratdıqları qurumdur. Onu hansısa böyük gücün təsir dairəsinə çevirmək yox, məhz bu missiyasını qorumaq lazımdır!..